Sürücülərə imtahanda hansı suallar düşəcək? - AÇIQLAMA

 17:43 22.08.2024     384

Dövlət İmtahan Mərkəzi (DİM) 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib.

Bəs imtahanda sürücülərə hansı tip suallar təqdim olunacaq?

Bu barədə təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, böyük ehtimal həmin sürücülərə ümumi psixologiya ilə bağlı, yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin idarə olunması və s. tipdə suallar veriləcək:

"Etik davranış, avtomobil nəqliyyatı ilə sərnişin daşımanı tənzimləyən normativ hüquqi aktlara dair qapalı tipli test tapşrıqları təqdim olunacaq. Bu testlərdə A, B, C və D kimi 4 cavab variantı olacaq. Konkret olaraq burada sürücülərin bilik və bacarıqları sərnişinlə kommunikasiya ilə bağlı ümumi etik davranışları yoxlanılacaq. İmtahan 20 sualdan ibarətdir və hər bir sual 1 baldır. Düşünürəm ki, 1 saat ərzinə həmin sürücülər ən azından təqdim olunan sualların 50 faizinə doğru cavab versələr, müsabiqədən keçmiş hesab olunurlar. Keçmə ehtimalları yüksəkdir, çünki təlimlərdə iştirak ediblər".

Ekspert qeyd etdi ki, 10 balı toplaya bilməyən sürücülər kəsilmiş hesab olunacaq. Onlara növbəti dövr ərzində DİM tərəfindən müsabiqə elan olunarsa, yenidən imtahan imkanı yaradıla bilər.

Nəqliyyat eksperti Rauf Ağamizəyev isə vurğuladı ki, tələblərə cavab verməyənlər çox güman ki, bazarlardan çıxarılacaq:

"Sərnişindaşıma sahəsində keyfiyyətin yüksəldilməsi istiqamətində qoyulan tələblərə görə, taksi sürücüləri müəyyən təlimlərdən keçməlidir. Qoyulan tələblərə əsasən avtomobilin yaş məhdudiyyəti var və həmin sürücü sertifikat alıbsa, 7 illik lisenziya ilə taksi kimi fəaliyyət göstərə bilər. Azərbaycanda sürücülərə yükdaşıma sahəsində də tələb artıb. Ancaq bu fəaliyyəti yerinə yetirmək üçün müvafiq kateqoriyalara cavab verməlidirlər".

Sevinc İBRAHİMZADƏ