Azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri uğurla davam etdirilir

 10:12 24.08.2024     407

Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var.

1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakini 30 il məcburi köçkün həyatı sürməyə məcbur olub. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən, şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. Hətta keçmiş SSRİ dövründə - 1970-ci il siyahıyaalınmasında bütövlükdə Laçın rayonunun cəmi əhalisi 63.162 nəfər olub. Burada azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər təşkil edib. Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən, Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilib. Bütövlükdə rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

Müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Şanlı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu düşmənə layiqli, sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Tarixi zəfərdən sonrakı dövr ərzində ölkə Prezidentinin müvafiq tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verilmişdir. Erməni vandalları 30 illik işğal dövründə şəhər və kəndlərimizi, tarixi mədəniyyət abidələrimizi məhv etmiş, dövlətimizə ciddi maddi və mənəvi ziyan vurmuşdur. Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla davam etdirir.

Füzuli Abdullayev, 

YAP Ağsu rayon təşkilatının sədri