Şimşək çaxan zaman bunları etməyin, yoxsa həyatınızdan olarsınız... - Ekspert

 16:20 26.08.2024     1196

Hər il dünyada üç minə yaxın insan ildırımvurma nəticəsində vəfat edir. Hər saniyədə dünyanın müxtəlif nöqtələrində təxminən 100 ildırım qeydə alınır. 

Azərbaycanda da ötən gecə baş verən ildırım çaxması nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib. Bəs bu təbiət hadisəsindən necə qorunmaq olar? Şimşək çaxdığı zaman nələrə diqqət yetirməliyik?

Bu barədə təhlükəsizlik eksperti Elmar Nurəliyev Redaktor.az-a danışdı. Onun sözlərinə görə, ildırım çaxması kifayət qədər təhlükəli təbiət hadisələrindəndir:

"Ona görə bu zaman təhlüükəsizlik qaydalarına riayət etmək lazımdır ki, həyat və sağlamlığa maneə törədəcək hadisə ilə qarşılaşmayasan. Əgər şimşək çaxan zaman evdəsinizsə, qapı-pəncərəni bağlamaq, elektrik şəbəkəsini ayırmaq, mobil cihazları söndürmək lazımdır. Bəzən insanlar ildırım çaxmasını seyr etmək üçün qapını və ya pəncərəni açıq qoyurlar, eyvana çıxıb telefonla görüntülər çəkməyə çalışırlar. Bütün bunlar təhlükəsizlik baxımından məqsədəuyğun hesab edilmir". 

Ekspert şimşək çaxan zaman açıq havada olanlara da məsləhət verdi:

"Əgər açıq havada olduğunuz zaman ildırım çaxarsa, bu zaman elektrik xətlərindən, transformatorlardan, ağaclardan, eləcə də digər hündür yerlərdən uzaq durmaq, nisbətən çökək ərazidə gözləmək vacibdir. Həmin vaxt üzərinizdə mobil telefon varsa, mütləq onu şəbəkədən ayırmalısınız. Nəqliyyat vasitəsində olduğunuz zaman ildırım çaxarsa, bu zaman nəqliyyat vasitəsini saxlayıb, mühərrikini sönürmək və şüşələri bağlayaraq ildırımın keçməsini gözləmək labüddür".

Sevinc İBRAHİMZADƏ