Deputatlığa namizəd Gülşən Paşayeva ilk dəfə səs verəcək gənclərlə görüşdü - FOTO

 18:56 26.08.2024     909

Avqustun 26-da 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü Binə Mədəniyyət Mərkəzində baş tutub.

Görüşdə namizəd Gülşən Paşayevanın vəkilləri - 136 saylı tam orta məktəbin direktoru Aysel Şərbətova və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, siyasi elmlər doktoru, professor Rəna Mirzəzadə, eləcə də Azərbaycan Milli Aviasiya Akademiyası Magistratura və doktorantura şöbəsinin müdiri, elmlər doktoru  Araz Qədiməliyev, Binə və Qala qəsəbələrində ilk dəfə səs verəcək gənclər və təhsil işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vəkil Aysel Şərbətova Gülşən Paşayevanın elmi və pedaqoji fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verib, Azərbaycanın inkişafında gənclərin rolundan və Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə etimadından bəhs edib.

Vəkil Rəna Mirzəzadə deputatlığa namizəd Gülşən Paşayevanın Vətən müharibəsi dövrü də daxil olmaqla uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardığı fəaliyyətindən danışıb. O, eləcə də gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayaraq, Azərbaycan dövlətinin onlara daim qayğı və dəstək göstərdiyini diqqətə çatdırıb. İlk dəfə səs verəcək gəncləri təbrik edən Rəna Mirzazadə onları qarşıdan gələn növbədənkənar Parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Sonra çıxış edən Araz Qədiməliyev iştirakçılara seçib-seçilmək hüquqları barədə ətraflı məlumat verib və gələcək seçkilərdə Gülşən Paşayevanın namizədliyini dəstəkləməyə çagırıb.

Namizəd Gülşən Paşayeva öz çıxışında iştirakçıları seçki platforması ilə tanış edib və ilk dəfə səs verəcək gənclər üçün bu seçkilərin xüsusi bir məqam olduğunu qeyd edib. Onları bir seçici kimi öz hüquqları və eləcə də bütün namizədlər və onların platformaları ilə tanış olmağa çağıran Gülşən Paşayeva eləcə də əlavə edib ki, bu seçkilərdə iştirak Binənin və Qalanın gələcək inkişafına təsir etmək üçün real bir  imkandır və onu itirmək olmaz.

Görüşün sonunda sual-cavab sessiyasında gəncləri narahat edən müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və qaldırılan problemlər Gülşən Paşayeva tərəfindən qeydə alınıb.

Təşviqat kampaniyası çərçivəsində bitərəf namizədin Binə və Qala qəsəbəsində görüşləri davam edəcək.

222