"İlanlar yaşayan yerlərdə insanların sayı artıb" - Zoologiya İnstitutundan AÇIQLAMA

 16:24 27.08.2024     451

Son vaxtlar sosial medianın gündəmini paytaxt Bakının müxtəlif ərazilərində rast gəlinən ilanların görüntüləri zəbt edir. Belə ki, "28 May" metro stansiyasından sonra, “Həzi Aslanov” stansiyasının yaxınlığında ilanlar görülüb.

Bəs ilanların yaşayış məntəqələrinə axını nə ilə əlaqədardır?

Bu barədə AMEA Zoologiya İnstitutunun əməkdaşı b.ü.f.d. Təvəkkül İsgəndərov Redaktor.az-a danışdı.

O bildirdi ki, Bakının ətraf əraziləri, o cümlədən çimərlik olan ərazilərdə müxtəlif isti və quraq iqlimə xarakterik ilan növlərinə - zəhərsiz təlxələrə, o cümlədən zəhərli gürzələrə rast gəlmək olar:

"İnsan yaşayışı, insan fəaliyyəti olmayan yerlər, Bakı ətrafındakı boş qalmış otluqlar, sahilboyu olan çimərliklərin kənarında toxunulmamış daş-qayalıq ərazilər var ki, ilanların gizlənməsi üçün daha əlverişlidir. Gürzə quraq yerləri sevir, su olan ərazilərdən qaçır, ancaq çimərlik və çimərliyə yaxın ərazilərdə su ilanına rast gəlmək təbiidir. Su ilanı insan həyatı üçün təhlükəli deyil, o, zəhərli sancma etmir. Lakin istənilən halda insan ilanı görəndə narahat olur. İnsan yaşayışı az olan sahilyanı ərazilərdə gəzərkən ehtiyatlı olmaq lazımdır, çünki ilanların aktiv vaxtıdır". 

Təvəkkül İsgəndərov qeyd etdi ki, ilanlar sayca çoxalmayıb:

"Sadəcə ilanlar yaşayan yerlərdə insanların sayı artıb. Bu da elə bir təəssürat yaradır ki, ilanların sayı artıb. Şəhərin mərkəzi ərazilərində görülən ilanlar isə təsadüfən kənardan gətirilmə ilanlardır. Tikinti materialı daşıyan maşınlar uzun müddət çimərlik qıraqlarında və sair yerlərdə dayanırlar, bu halda da ilanlar həmin materiala dolaşıb şəhərə gələ bilərlər". 

Sevinc İBRAHİMZADƏ