"COP29 İqlim Fəaliyyəti Gündəliyində Xəzərlə bağlı tədbirlər planlaşdırılır" - ETSN rəsmisi

 18:13 28.08.2024     583

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlil aparmağı tapşırıb. 

Bəs Xəzərin səviyyəsinin aşağı düşməsinin qarşısının alınması istiqamətində ölkəmizdə hansı işlər görülməlidir? Problemlə bağlı Xəzəryanı ölkələr arasında əməkdaşlıq hansı səviyyədədir?

Mövzu ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Redaktor.az-a açıqlamasında bildirdi ki, Xəzər dənizinin səviyyəsində son onilliklərdə ciddi azalma müşahidə olunur, bu da ciddi narahatlıq doğurur:

"Xəzər qapalı su hövzəsi olduğu üçün səviyyəsindəki dəyişikliklər təbii proseslərlə yanaşı, antropogen təsirlərlə də bağlıdır. Tarixi məlumatlara görə, dəniz səviyyəsi dövri olaraq dəyişir. Son onilliklərdə dəniz səviyyəsində 2,29 metr azalma qeydə alınıb. Bu prosesin əsas səbəbləri arasında iqlim dəyişikliyi, artan buxarlanma, çay axımının azalması və insan fəaliyyəti göstərilir".

Onun sözlərinə görə, bu hadisələr suyun idarə edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini önə çəkir:

"Xəzər dənizindəki ekoloji problemlərin həlli istiqamətində Xəzəryanı ölkələr arasında əməkdaşlıq əsas əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın mühüm elementlərindən biri 2003-cü ildə imzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasıdır. Konvensiya Xəzər dənizində ətraf mühitin qorunması və davamlı inkişafın təmin edilməsi məqsədilə beş Xəzəryanı ölkə – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında imzalanmış ilk hüquqi sənəddir.

Bu Konvensiya çərçivəsində Xəzər dənizinin ekosisteminin monitorinqi və qiymətləndirilməsi üzrə birgə fəaliyyətlər həyata keçirilir. Bununla yanaşı, dənizin səviyyə dəyişiklikləri və iqlim dəyişikliyinin təsirləri də diqqət mərkəzindədir".

Şöbə müdiri qeyd etdi ki, mövcud vəziyyətin qarşısının alınması və ona uyğunlaşmaq üçün Xəzər hövzəsi üzrə iqlim ssenariləri və onlara əsasən səviyyə dəyişikliklərinə dair proqnozlar hazırlanmalı və birgə tədbirlər həyata keçirilməlidir.

"Bu baxımdan su itkilərinin azaldılması, müasir suvarma metodlarının tətbiqi və çirkab sularının təmizlənərək təkrar istifadəsi kimi tədbirlər olduqca önəmlidir. Ölkəmiz tərəfindən Xəzər səviyyəsinin dəyişməsi ilə bağlı müxtəlif beynəlxalq platformalarda məsələ qaldırılaraq bu sahə həmişə diqqət mərkəzində saxlanılıb. Xüsusilə son illərdə səviyyənin düşməsi ilə bağlı vəziyyəti elmi cəhətdən müzakirə etmək üçün Xəzəryanı ölkələrin və beynəlxalq təşkilatların iştirakı ilə konfranslar təşkil edilib. Eyni zamanda COP29 İqlim Fəaliyyəti Gündəliyində Xəzərlə bağlı tədbirlər planlaşdırılır", - deyə Faiq Mütəllimov bildirdi.

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2