Səsinizdən istifadə edərək pulunuzu alırlar - YENİ DƏLƏDUZLUQ ÜSULU

 17:37 29.08.2024     656

Süni intellekt vasitəsilə səsi klonlayıb dələduzluq edənlərin sayı artıb. Artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb. Belə ki, valideynə zəng edilir, onun övladınıın səsiylə qəza keçirdiyi, yararlı olduğu və ya kimisə avtomobillə vurduğu deyilir. Burada səs klonlanır və evdə olan valideyn də sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır. Valideyndən təcili formada pul istənilir. Hətta inandırıcı olsun deyə telefon yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürülür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır. Növbəti mərhələdə şəxs valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan bir nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu ələ keçirilib.

Bu barədə texnobloger Fərid Pərdəşünas paylaşım edib. Bəs süni intellektin hamıya əlçatan olması bu cür dələduzluğa yol aça bilirsə, bunun qarşısını hansısa üsulla almaq olar? 

Bu barədə İT mütəxəssisi Fərhad Mirəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu cür situasiyalar son dövrlər geniş yayılmış kibercinayətkarlıq üsullarından biri hesab olunur:

"Süni intellekt, neyron şəbəkə əsaslı alətlərdən istifadə edən cinayətkarlar çalışırlar ki, vətəndaşlara qarşı həyata keçirilən dələduzluq hərəkətlərinin nəticəsi uğurlu olsun. Bir çox hallarda da yeni texnologiyalar vasitəsilə buna müvəffəq olurlar. Ümumilikdə texnologiyaların inkişafı bəşəriyyətin xeyrinə sayılacaq məsələ olsa da, bu cür inkişafı öz pis niyyətləri hesabına istifadə edənlər, təəssüf ki, tapılır. Burada biz artıq əlçatanlılıq məsələsini müzakirə edə bilmərik. Çünki istənilən bir predmetin müsbət tərəfi olduğu kimi, mənfi tərəfləri də var. Adicə mobil telefonda belə cinayətkarlıq müzakirələri edənlər var. Ona görə də bu barədə istənilən bir məsələni mühakimə etsək, görəcəyik ki, insanların özlərinə buraxılıb. Bu cür hallarla qarşılaşmamaq üçün ətrafımızdakıları maarifləndirməli və onların ayıq-sayıq davranması üçün əlimizdən gələnləri əsirgəməməliyik".

Ekspert vurğuladı ki, sosial şəbəkələrdə cəmiyyətdə tanınmış simaların, hətta dövlət məmurlarının da görüntülərinin saxtalaşdırılmış, səslərinin təqlid olunmuş məzmunlu müxtəlif elanlar paylaşılır:

"Bu cür müraciətlərlə insanları hər hansısa lotareya oyunlarına, investisiyalara, maliyyə bazarına çıxışa və yaxud birdəfəlik ödənişlərə dəvət edirlər. İnsanlarda bu cür dəvətlərdə kiçik də olsa, bir inam yaranır ki, müraciət edən şəxs tanıdığı biridir. Təəssüflər olsun ki, bu cür hallara qarşı mübarizə aparmaq üçün konkret hansısa üsulların olduğunu deyə bilmərik. Burada sadəcə vətəndaşlar özləri diqqətli olmalıdırlar və hər hansısa qərarı qəbul etməmişdən öncə bir neçə kontroledici üsullardan istifadə edərək vəziyyəti dəqiqləşdirməlidirlər. Neyron şəbəkələr əsasında saxta videolar hazırlananda və həmin videolarda nüfuzlu bir şəxsin səsi təqlid olunanda həmin qurumun, hansı ki onun adından bu müraciətlər edilir, onların rəsmi səhifələrində fəaliyyəti izlənməlidir, araşdırılmalıdır. 

Məsələn, 10 qat ƏDV qaytarılması məsələsilə bağlı Dövlət Vergi Xidməti cavabdehdirsə, o qurumun mətbuat xidməti incələnməlidir. Cəriməni, kommunal ödənişi ödədikdən sonra onun 50-70%-nin geri qayıtması və yaxud SOCAR-ın adından investisiyalarla bağlı çağırışlar olur ki, burada yüksək rütbəli məmurların saxta videoları süni intellektlə hazırlanır. Belə olduqda insanlar da həmin elana etibar etməyə meyilli olurlar. Ona görə də bu cür müraciətlərlə qarşılaşdıqda mütləq şəkildə həmin qurumların rəsmi səhifələrini ziyarət etmək lazımdır".

Fərhad Mirəliyev qeyd etdi ki, məişət əsasında müraciət olunan dələduzluq hallarında insanlar emosional davranmamalıdırlar:

"Çalışmaq lazımdır ki, soyuqqanlı olaraq məsələni dəqiqləşdirib, prosesdə özünün iştirakını təmin etssin, kor-koranə davranaraq birbaşa tələb olunan məbləği göndərmək olmaz. Bu halda vətəndaşlar külli miqdarda vəsait itirə bilərlər". 

Sevinc İBRAHİMZADƏ