Bayıl sakinin pəncərəsinin qarşısı kəsilir - Səbail RİH qanunsuz tikiliyə göz yumur - VİDEO

 16:08 02.09.2024     1223

Redaktor.az-ın elektron poçtuna evində qanunsuz olaraq artırma işləri apararaq qonşusuna narahatlıq törədən Bakı sakininə rəsmi qurumlar tərəfindən heç bir müdaxilə edilmədiyi ilə bağlı şikayət daxil olub.

Belə ki, Səbail rayonu, Bayıl qəsəbəsi Fərman Qurbanov 12 ev 27 ünvanında yaşayan Esmira Əliyeva bildirir ki, onun evinin pəncərəsinin qarşısında qonşusu İlkin Ələsgərov öz eyvanına qanunsuz artırma edir. Şikayətçinin sözlərinə görə, qonşusu təmir işlərini əsasən bazar günləri davam etdirir. Esmira Əliyeva deyir ki, qonşusu əgər həmin artırılmanı etsə, pəncərənin önü kəsiləcək, beləliklə, evə işıq düşməyəcək. Bu isə, əslində, qadağandır. Çünki hazırkı pəncərənin yerində əvvəllər evin giriş qapısı olub, bu da o deməkdir ki, İlkin Ələsgərovun zəbt etmək istədiyi yer küçəyə aiddir və şəxsi ərazi deyil.

Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı 4 ay əvvəl Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib. Lakin FHN sadəcə olaraq gəlib, baxıb və gedib. Müraciətdən 4 ay keçməsinə baxmayaraq həmin tikili sökülməyib.

Məsələ ilə bağlı FHN-ə müraciət etdik. Nazirlikdən bildirildi ki, sözügedən ünvanda yaşayan vətəndaş Əliyeva Esmiranın şikayətinə əsasən mütəxəssislər tərəfindən əraziyə yerində baxış keçirilib.

"Araşdırma zamanı adı çəkilən ünvanda tikinti işlərinin aparılmadığı, şikayətçinin pəncərəsinin qarşısından 2-ci mərtəbəyə metal konstruksiyalı pilləkən quraşdırılması müşahidə edilmişdir. Mənzil Səbail MKTB-nin balansında olduğu üçün səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görülməsi məqsədilə müraciət aidiyyəti üzrə Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır", - deyə FHN-nin cavabında qeyd olunub.

Esmira Əliyeva deyir ki, Səbail Rayon İcra Hakimiyyətinə də bir neçə dəfə müraciət edib. Lakin heç bir nəticə almayıb.

O, qonşusunun işləri özünün və ya ailə üzvlərinin evdə olmadığı zamanlarda xırda-xırda davam etdirdiyini deyir və ümumiyyətlə, qurulan dəmirlərin sökülməsini tələb edir.

FHN-dən aldığımız cavabdan sonra üzümüzü tutduq Səbail Rayon İcra Hakimiyyətinə. Mətbuat xidməti zənglərimizə cavab verməsə də, mesajlarımızı görməzdən gəlmədi. 

Məsələ ilə bağlı araşdırma etdikdən sonra belə açıqlama verdilər:

"Sözügedən ünvana bir müddət əvvəl aidiyyəti qurumların iştirakı ilə yerində baxış keçirilmiş, görülən işlərin qarşısı tərəfimizdən alınmış və bu barədə aidiyyəti qurumlara rəsmi müraciətlər olunmuşdur".

Bu cavaba qane olmayıb vətəndaşın şikayətinə və əldə olan faktiki görüntülərə əsasən Səbail RİH-ə yenidən müraciət ünvanladıq. Hərçənd günlər sonra verilən açıqlamada bildirildi:

"Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilən açıqlamanı sizə göndərmişik. Həmin açıqlamanı nə ixtisar edə, nə də ona əlavələr edə bilmərik. Xahiş edirik, nəzərə alın".

Ölkədə daşı-daş üstünə qoymaq istəyərkən həmin qaldırdığımız daşın altından çıxan icra nümayəndələrinin vətəndaşın şikayətinə və mətbuatın cəhdlərinə belə "yolaverdi" tərzdəki cavabı ağıllara müəyyən suallar gətirir.

Nəticə etibarı ilə İlkin Ələsgərov eyvanını tamamlamaq üçün işlərinə müxtəlif üsullardan istifadə edərək davam edəcək və Səbail Rayon İcra Hakimiyyəti bu cür qanunsuz işlərə hansısa səbəbdən dolayı göz yumacaq...

Sevinc İBRAHİMZADƏ

222