Qarabağ itkin ailələri İctimai Birliyi bəyanat YAYDI

 12:45 30.08.2024     389

30 avqust - Beynəlxalq İtkinlər Günü münasibətilə Qarabağ itkin ailələri İctimai Birliyi bəyanat yayıb.

Redaktor.az bəyanatı təqdim edir:

"Biz, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından 30 avqust - Beynəlxalq İtkinlər Günündə dünya ictimaiyyətinə müraciət edirik.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illərində Azərbaycan ərazisinin 20 faizi işğal edildi, şəhərləri, kəndləri vəhşicəsinə dağıdıldı, talan edildi, dinc insanlar qətlə yetirildi, əsir-girov götürüldü, itkin düşdü, soyqırımına və etnik təmizləməyə məruz qaldı, bir milyona yaxın Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrildi.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Lakin dəfələrlə bəyan etdiyimiz kimi, biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq. Azərbaycanın dəfələrlə atdığı xoşməramlı addımlara baxmayaraq, Ermənistan yenə də itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir və yaxud müxtəlif bəhanələrlə yayınır.

Faktlar və şahid ifadələri təsdiq edir ki, birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri işğal edilərkən beynəlxalq humanitar hüququn normaları kobud şəkildə pozulmuş, o cümlədən mülki əhali hədəfə alınmış və zorakı itkin düşmə halları baş vermişdir.

O da məlumdur ki, birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş Azərbaycan əraziləri 30 ilə yaxın müddət ərzində Ermənistan ordusunun nəzarətində olmuşdur. Bu səbəbdən itkin düşmüş bütün şəxslərə, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatların Ermənistan tərəfində olması şübhəsizdir. Bunu Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Ermənistanın yüksək rütbəli zabitləri kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdə dəfələrlə etiraf etmişlər.

Biz - itkin ailələri bu etirafların nəticəsini əməli addımlarda görmək istəyirik. Başqa sözlə, biz itkin düşmüş Azərbaycan vətəndaşlarının məzar yerləri barədə məlumatların Azərbaycana təqdim edilməsini, Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş şəxslərin mühakimə edilməsini Ermənistandan tələb edirik.

Eyni zamanda, biz Beynəlxalq İtkinlər Günü ilə bağlı dünyada itkin düşmüş bütün insanların xatirəsini hörmət və ehtiramla anır, tərəqqipərvər bəşəriyyəti insanların zorakı itkindüşmələrdən qorunması üçün zəruri addımlar atmağa çağırırıq.

İtkin düşmüş şəxslər problemi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz bu diqqətin sayəsində Vətən torpaqları işğaldan azad edildikdən sonra qısa müddətdə itkin düşmüş şəxslərin dəfn edildiyi 18 kütləvi məzarlıq aşkarlanmış, 151 itkin-şəhidin taleyinə aydınlıq gətirilərək nəşləri ailələrinə təhvil verilmiş və həmin ailələrin iztirabına son qoyulmuşdur.

İtkin düşmüş şəxslər problemi təkcə Azərbaycan üçün aktual deyil, qlobal mahiyyətlidir. Bu məsələ ilə daha yaxından məşğul olmaq üçün beynəlxalq təşkilatların da öz səylərini artırması vacibdir. Buna görə də biz, Azərbaycanlı itkin ailələri BMT-nin Baş katibi Antonio Quterreşə və digər BMT rəsmilərinə bir daha müraciət edərək onları bu problemə xüsusi diqqət ayırmağa və BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına çağırırıq".