""Bizə aidiyyəti yoxdur" deyənlər yalan danışırlar" - "20 Yanvar"dakı mağazalar niyə bağlanıb?

 17:07 30.08.2024     389

"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb. Mağazaların hansı səbəbdən bağlanması isə bəlli deyil.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "20 Yanvar" və "Cəfər Cabbarlı" metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur. Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyəti olmadığı cavabı verilib.

Maraqlıdır ki, bu cür məsələlər, əslində, hansı qurumun səlahiyyətində olmalıdır və hansı səbəblər mağazaların bağlanmasına gətirib çıxara bilər?

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, burada 2 fərqli variant var:

"Birincisi, əgər o yerlər özəlləşdirilibsə, onda ayrı-ayrı sahibkarlara məxsusdur. Ola bilsin ki, çoxusunu icarəyə veriblər və s. Bu halda mağazaların bağlanması COP29 ilə bağlı ola bilər ki, həmin yerlər pis vəziyyətdə görünməsin. İkincisi əgər özəlləşdirilməyibsə, onda həmin məsələlərə "Bakı Metropoliteni" və Bakı Şəhər İcra Hakimiyyəti nəzarət etməlidir. "Bizə aidiyyəti yoxdur" deyənlər isə yalan danışırlar. Çünki onların icazəsi olmadan heç kim orada fəaliyyət göstərə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Ticarət və Xidmət Departamenti var. Əgər onların dediyi doğrudursa, onda burada "qara biznes"dən söhbət gedir. "Bakı Metropoliteni" və Bakı Şəhər İcra Hakimiyyətinin uyğun departamentinin boyunlarından atması böyük biabırçılıqdır, göz görə-görə insanları aldatmaqdır".

Председатель Союза свободных потребителей Эюб Гусейнов - Sputnik Azərbaycan

AİB sədri yeraltı keçidlərdə işləyənləri məşhur əsərin qəhrəmanına bənzədib:

"Yeraltı keçidlərdə alver edən insanlara baxanda yadıma Onere de Balzakın "Şaqren dərisi" əsəri yadıma düşür. Həmin əsərdə qəhrəman əvvəllər çox kasıb olur və varlanmaq istəyir. Keşişin yanına gedir. Keşiş çarə kimi ona bir dəri verir və deyir ki, bağla bunu qoluna və sən varlandıqca o dəri kiçiləcək, sənin ömrün isə qısalacaq. Həmin əsərdə qəhrəmanın özü varlanır, ömrü isə qısalır. Yeraltı keçidlərdə işləyənlər də havasızlıqda işləyirlər və ömürlərini pul qazamaq üçün xərcləyirlər. Orada gərək yaxşı havalandırma sistemi ola. Onu da qeyd edim ki, bir çox ölkələrdə, xüsusən MDB məkanında yerlatı keçidlərdə ticarət mövcud olub, lakin kifayət qədər inkişaf etmiş ölkələrdə belə hala rast gəlinmir". 

Eyyub Hüseynov əlavə etdi ki, yeraltı ticarətdəki faktlar göstərir ki, insanlara, qurumlara, hökümətə pul lazımdır:

"Ağ və ya qara pul, fərqi yoxdur. İnsan sağlamlığı məsələsi isə arxa planda qalır".

Sevinc İBRAHİMZADƏ