"Yola velosiped zolağı çəkmək mikromobillik demək deyil" - Ekspertdən SƏRT TƏNQİD

 17:44 30.08.2024     417

Bakıda Xocalı prospektində yolun sağ tərəfində avtomobillər park olunub, sol tərəfində isə velosiped zolağı çəkilib. Nəticədə avtomobil və avtobusların hərəkəti üçün cəmi bir zolaq qalıb. AYNA-dan isə bildirilib ki, həmin yol sahəsində mikromobillilik zolağı, parklanma məntəqəsi və ümumi istifadə üçün zolaq mövcuddur. Nəqliyyat vasitələri ümumi zolaqla hərəkət edə bilər. 

Bəs tıxaca, yollarda nəqliyyatın gecikməsinə səbəb olan bu problem, əslində, necə həll olunmalıdır? 

Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, mikromobilliklə əlaqədar müəyyən addımların atılması lazımdır, amma baxır hansı küçələrdə və hansı yollarda:

"Bəzi küçələr var ki, burada belə addımların atılması əks təsir göstərir. Mikromobillik dedikdə biz təkcə velosiped zolağı, avtobus zolağı çəkməyi düşünməməliyik. Piyada səkiləri böyük obyektlər tərəfindən zəbt olunub, onlar təmizlənməli və vətəndaşların ixtiyarına verilməlidir. İctimai nəqliyyatın sabit, davamlı hərəkəti təmin olunmalıdır. Burada avtobusların sayından tutmuş metrostansiyalara qədər nəzərə alınmalıdır. Biz son bir ildə ancaq eşidirik ki, yeni avtobuslar gətiriləcək. Hələ də gətirilir. Avtobuslar üçün zolaqlar yaradılır, velozolaqlar salınır və digər məhdudlaşdırıcı addımlarla nəqliyyat vasitələrinin yolu kəsilir".

Ekspert vurğuladı ki, Bakı şəhərinə ümumi olaraq 2700 avtobus lazımdır:

"2600-ü istifadə olunmalıdır, 100-150-si isə ehtiyatda qalmalıdır ki, problem yarandıqda dəstək məqsədilə xəttə çıxarılsın. Bizim isə cəmi 2000 avtobusumuz var, onun da 1000-i istismara yararsızdır. Bakı kəndlərində ictimai nəqliiyyat bərbad vəziyyətdədir. İnsanlar şəhərə gəlmək üçün 1 manat 50 qəpik verib metroya gəlirlər və elə də qayıdırlar. Həm vaxt gedir, həm də hələ metroya da ödəniş olunur. Yəni, misal üçün Binə qəsəbəsindən şəhərin mərkəzinə gəlib qayıtması 1 nəfərə 5-7 manat pul deməkdir. Bu zaman 5 nəfərlik ailə nə etməlidir? Şəhərə gəlmək üçün 30 manata yaxın pul xərcləməlidir. Bu baxımdan mikromobillik deyəndə yalnız yola boya çəkmək, zolaq yaratmaq nəzərdə tutulmamalıdır".

 

Elməddin Muradlı qeyd etdi ki, mikromobilliyin əsası ictimai nəqliyyatın inkişafıdır, metrostansiyalarının sayının artmasıdır:

"Biz ancaq orada-burada zolaq yarandığını eşidirik. Hələ eşitmirik ki, yeni avtobus gətirildi, xəttə buraxıldı və s. Eşitmirik ki, metroya yeni qatarlar gətirilib. Ancaq hər gün şikayət eşidirik. Yayda avtobuslarda camaat boğulur, qışda soyuqdan donurlar. Metroda havalandırma biabırçı gündədir. Belə bir fonda biz sadəcə velosipedi, avtobus zolağını düşünürük? Birinci avtobusun özü gəlsin, zolaqda intensiv hərəkət olsun ki, vəziyyət alqışlansın. Yoxsa bir zolaqdan 5-10 dəqiqədən bir avtobus keçir. Bu nə dərəcədə realdır? Həmin 5 dəqiqədə o zolaqdan keçən nəqliyyat vasitələrinin sayı nə qədər edir? İnsanlar artıq savadsız deyil, təhlil edirlər ki, bəzən əks-təsirlər meydana çıxır və narazılıq yaradır. Xocalı prospektində sağ tərəf parklanmadır, sol tərəf isə velosiped zolağıdır. Maraqlıdır, payız fəslində həmin yollarda velosipedçi görə biləcəyik?"

Ekspertin sözlərinə görə, velosiped zolaqlarından keçənləri cərimələk olar, amma günün müəyyən saatları var ki, həmin zolaqlarda hərəkətə icazə vermək olar, necə ki avtobus zolaqlarında belədir:

"Halbuki artıq bizdə ayrıca maneə qoyublar və o zolağa giriş-çıxış mümkün deyil. Vay o günə ki, orada bir problem yaransın və nəqliyyatı tez yönləndirmək lazım gəlsin. Yaxud vacib bir yol bağlanıb və həmin yoldan alternativ kimi istifa edirik. Buna görə də düşünüb hərəkət etmək lazımdır. İlk növbədə şərait yaratmaq, daha sonra isə tələb etmək lazımdır. Mikromobillik dedikdə ictimai nəqliyyat ən başlıca gələnidir, amma düzəlmir. Yola velosiped zolağı çəkmək mikromobillik demək deyil. Bütün işlərin paralel olaraq aparılması daha yaxşı nəticələr verərdi".

Sevinc İBRAHİMZADƏ