Tozlu hava nə vaxta kimi davam edəcək? - AÇIQLAMA
Bu gün Bakı və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarı normadan 2,5-3 dəfə çox olub.
Bəs bu toz hardan gəlir və necə yaranır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan meteoroloq Cavid Hüseynov bildirdi ki, tozlu hava meteohəssas insanlarda narahatlıq yarada bilər.
"Havadakı tozun miqdarının normadan çox olması mövcud sinoptik şəraitlə, yəni Qazaxıstan və Türkmənistan ərazisindən ölkəmizin hava məkanına isti və tozlu hava kütləsinin daxil olması ilə əlaqədardır. Yaranmış əlverişsiz hava şəraiti toza qarşı həssaslığı və allergiyası olan insanlarda narahatlıq yarada bilər. Məsələn nəfəs darlığı, baş ağrısı, narahatlıq, aqressiya, yorğunluq, dəri reaksiyaları və göz qıcıqlanması kimi potensial təsirləri ola bilər. Belə təhlükələrdən qaçmaq üçün, xüsusilə astma xəstəsi olanlar və həssas dərili şəxslərə çölə çox çıxmaq məsləhət görülmür".
Meteroloq tozun necə yarandığı barədə məlumat da verdi:
"Adətən bu proses antisiklonik şərait yarandığı zaman baş verir. Qazaxıstan üzərində yaranmış antisiklon şərqə doğru uzaqlaşdıqdan sonra həmin istiqamətdən gələn hava axınları dayandıqdan sonra havada müşahidə olunan tozun miqdarı da tədricən azalacaq".
Cavid Hüseynov tozlu hava şəraitinin yaxın 3-4 gün ərzində normallaşacağını bildirdi.
Türkan İSGƏNDƏRLİ