Havada tozun miqdarı artıb - Ağciyərə, bronxlara ciddi ziyan vurur

 10:02 03.09.2024     298

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

Redaktor.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən Azərbaycana daxil olub.

Xidmət rəsmisi bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Redaktor.az-a açıqlamasında hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən tozlu havanı şərh edərkən deyib ki, tozlu hava insan sağlamlığı üçün problemlər yarada bilər. Belə havada insanlar özlərini qorumalı, mümkün qədər az hava udmalıdırlar.

"Tozlu havanın ziyanından danışsaq, insanın nəfəs orqanlarına olduqca ciddi ziyan vurur. Nəzərə alsaq ki, bir çox insanın çölə çıxmaq kimi məcburiyyəti var, istər-istəməz havanı udmalıyıq. Onlar da ağciyərə, bronxlara ciddi ziyan vururlar. Bu, yaşlı, uşaq, hamilə qadınlar üçün daha çox qorxuludur. Bundan başqa bu, gözdə qıcıqlanma, qaşınma kimi reaksiyalara səbəb ola bilər".

Redaktor.az