Bakıda velosipedlərin icarəsi niyə bahadır? - AÇIQLAMA

 15:56 03.09.2024     540

Bakıda mobillik sahəsində görülən işlərdən biri də velosiped zolaqlarının salınması oldu. Bu, şəhərdə velosiped istifadəçilərinin sayını artırdı. Eyni zamanda kiçik nəqliyyat vasitələrinin satışıyla yanaşı, icarəsi xidməti də məşhurlaşdı. Hazırda 1 saatlıq icarəsi 7 manata olan velosipedlər var. Bu məbləğ isə vətəndaşlar üçün olduqca yüksək hesab edilir. Bəs nə üçün velosipedlərin icarəsi belə bahadır?

Bu barədə nəqliyyat eksperti Yasin Mustafazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, velosipedlərin icarəsi bir biznesdir:

"Gələcəkdə bu işi görənlər çox olsa, rəqabət yaranacaq və şirkətlər bir-birilərinə baxıb qiyməti azaldacaqlar. Hazırda fərqli qiymətlər var. 2-7 manat arasında icarə qiymətlərinə rast gəlmək mümkündür. Bu, velosipedin modelinə, icarə verən yerə görə dəyişir. Əlbəttə, 4-5 manata olması da bahadır, qiymətlər 1-2 manata olmalıdır ki, əlçatan olsun. Əslində, müəyyən müddət keçəndən sonra kim ki icarəyə götürərək istifadə edirdi, onlarda artıq alışqanlıq yaranacaq və velosipedin nə qədər sağlam nəqliyyat vasitəsi olduğunu görüb özləri almaq istəyəcəklər. Çünki həm də velosipedlər motosiklet və ya avtomobillə müqayisədə daha ucuzdur, həm də maddi cəhətdən və vaxt baxımından daha sərfəlidir".

Nəqliyyat eksperti vurğuladı ki, Bakıda velosiped zolaqları çəkilir, velodayanacaqlar quraşdırılır:

"Bunların hamısı stimullaşdırıcı addımlardır. Ümid edirik ki, bu işlər davamlı olacaq. Bəziləri fikirləşir ki, görülən işlər COP29 ilə bağlıdır. Əslində, belə deyil. Şəhərdəki sıxlığı, tıxacı aradan qaldırmaqdan ötrü yeganə yolumuz ictimai nəqliyyatın işini optimallaşdırmaq, insanları ona yönəltmək, eyni zamanda velosiped, skuter kimi xırda nəqliyyat vasitələrinə meyl yaratmaqdır".

Sevinc İBRAHİMZADƏ