Ekoloq Bakıdakı toza görə bu nazirlikləri ittiham etdi: "Hər iki qurum bu məsələdə uğursuz oldu"
Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə havada müşahidə olunan tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur. Toz dənəciklərinin insan orqanizması, xüsusən nəfəs borusu üçün zərəri kifayət qədərdir. Eyni zamanda bir çox şəxslərdə toza qarşı allergiya var.
Bəzi ölkələrdə insanların tozla mübarizəsini asanlaşdırmaq və bu cür halların qarşısını almaqdan ötrü süni yağış və s. kimi müxtəlif üsullardan istifadə olunur.
Bəs Azərbaycanda hazırda müşahidə olunan tozu yatırtmaqdan ötrü hansı işlər görülə bilər?
Bu barədə ekoloq Qorxmaz İbrahimli Redaktor.az-a danışdı. Onun sözlərinə görə, Xəzər sahili ərazilərimizdə ciddi şəkildə tozlu hava müşahidə olunur:
"Bu toz kütlələri Türkmənistandan cənub-şərq küləkləri vasitəsilə bizə daxil olub. Demək olar ki, hər il biz bu halla qarşılaşırıq. Xüsusən son vaxtlar iqlim dəyişikliyi ilə əlaqədar olaraq toz kütlələri Xəzəri asanlıqla aşıb, ərazilərimizə daxil olur. Bu toz kütlələri ilk növbədə bronxit xəstəlikləri olan insanlara, əsəb xəstələrinə, sürücülərə, bir sözlə, ağciyərilə nəfəs alan bütün canlılar üçün zərərlidir".
Ekoloq digər ölkələrin bu sahədə gördüyü tədbirlərdən bəhs etdi.
O bildirdi ki, əgər biz süni yağış yağdırsaq, bunu bir zolaq üzrə edə bilmərik, bütün əraziyə yağdırmalıyıq:
"Süni yağışı xüsusi qırıcı təyyarələrlə, raketlərlə həyata keçirirlər. Bizdə bu sistem yoxdur, amma yaradılacağını deyirlər. Hərçənd mən buna qarşı çıxanlardan biriyəm, çünki süni yağış hər zaman özünü doğrultmur, hətta bir çox hallarda faciələrə səbəb ola bilir. Bunu biz Dubayda yaradılan süni yağış zamanı gördük. O baxımdan süni yağış bu məsələnin son dərəcə asan həlli yollarından biridir, amma burada yox, onu səhranın üstündə yağdırmaq lazımdır. Səhranın üstündə, həmin istinin qarşısında yağış yağarmı? Yaxud Xəzər dənizinin üzərində yağdırmaq olar ki, həmin toz bizim əraziyə daxil olmasın. Bunlar müxtəlif variantlardır".
Qorxmaz İbrahimlinin sözlərinə görə, toz bir neçə günə tamamilə çəkilib gedəcək:
"Sadəcə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin hava məlumatı bürosu bu məsələlərdə, zənnimcə, sinifdə qaldılar. Çünki vaxtında əhaliyə xəbərdarlıq etmək lazım idi. Hansı tədbirlərin görülməsinə isə Səhiyyə Nazirliyi nəzarət etməli idi. Hesab edirəm, hər iki qurum bu məsələdə uğursuz oldu".
Sevinc İBRAHİMZADƏ