"İstisu" yeni Azərbaycan brendinə çevriləcək - AÇIQLAMA

 16:39 04.09.2024     830

"Otuz illik işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış və talan edilmiş Kəlbəcərdə 3 ildən artıqdır ki, sürətli yenidənqurma işləri aparılır və rayonun həyatında yeni dövr başlayıb. Kəlbəcər sürətlə abadlaşır və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni təməllər atılır, bir sıra açılışlar baş tutur".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov dedi. Onun sözlərinə görə, “İstisu” Müalicə-İstirahət Kompleksi dünya ölkələrinin diqqətini daha çox cəlb edəcək.

"Dövlət başçısının növbəti səfəri zamanı İstisu qəsəbəsinin təməlinin qoyulması, “İstisu” Müalicə-İstirahət Kompleksi ilə tanışlıq Kəlbəcərin dayanmadan inkişafına işarədir. Sürətlə inşası davam etdirilən “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işlərinin böyük bir qismi yekunlaşır və yaxın vaxtlarda bu nəhəng sanatoriyanın istifadəyə verilməsi Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət daşıyacaq. Vaxtilə ittifaq əhəmiyyətli ikinci böyük kurort hesab edilən “İstisu” il ərzində 50 min nəfəri qəbul etmək imkanına malik olub. Ən müasir üslubda və dünya turizm standartları nəzərə alınmaqla inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksi əvvəlindən daha böyük və cəlbedici müəssisə kimi region və dünya ölkələrinin diqqətini daha çox cəlb edəcək".

Millət vəkli qeyd etdi ki, Kəlbəcər rayonunda yeni istifadəyə verilən “İstisu” mineral su zavodunun isə Azərbaycanın mineral içkilər bazarında daha güclü və iddialı müəssisə kimi yer tutacağı şübhəsizdir:

"30 illik fasilədən sonra yenidən istehlakçılara öz qapısını açan bu zavod müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə dünyada şöhrəti qazanıb. “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq nəzərdə tutulan zavodda istehsal olunan və keyfiyyəti ilə fərqlənən suyun xarici ölkələrə ixrac edilməklə yeni Azərbaycan brendinə çevriləcək. Kəlbəcərin həyatında yeni səhifə açan infrastrukturlardan biri də inşa edilən yol-nəqliyyat layihələridir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir. Yol üzərindəki tunellər vahid yol şəbəkəsi olmaqla, digər ətraf bölgələrə də çıxışları təmin edəcək, eyni zamanda, Kəlbəcəri Göygöllə birləşdirəcək".

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər edib.

Türkan İSGƏNDƏRLİ