Ölkəyə “Hundai”ın saxta avtomobil hissələri gətirilir - AİİB sədri DTX-yə müraciət ETDİ

 11:20 07.09.2024     522

"Uzun illərdir ki, “Azad İstehlakçılar” İctimayi Birliyinə (AİİB), ölkənin əmtəə bazarında saxta, standartlara uygun olmayan avtomobil hissələrinin satıldığına dair məlumatlar, şikayətlər gəlir və hətta bu günlərdə istehlakçılar tərəfindən saxta avtomobil hissəsinin nümunəsi də ofisimizə gətirilib".

Redaktor.az xəbər verir ki, bunu AİİB-in sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat məsələ ilə bağlı araşdırma aparıb.

Azad İstehlakçılar” İctimayi Birliyinin həmin araşdırmasını təqdim edirik:

"Hökumətin sahibkarlar üçün yaratdığı kifayət qədər rahat şəraitdən sui-istifadə edən “işbazlar” yalnız avtomobil hissələri deyil, digər növ saxta mal satanlar da özləri söyləyirlər ki, "bu, əsl maldır qiyməti bahadır, bu isə saxta maldır qiyməti ucuzdur". Bütün mal sektorlarında malların çox böyük əksəriyyətinin, ümumiyyətlə, heç bir mənşə sənədləri satış şəbəkəsində olmur. Bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  3 aprel 2014-cü il tarixli 94 saylı qərqrının  “Malların satılmasına dair” 5-ci bəndinin pozulmasıdır!

AİİB hazırda “Hundai” avtomobillərinin saxta hissələrinə dair araşdırma aparmışdır və təsadüfi deyil ki, bu marka avtomobilləri istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri Azərbaycanda saxta “Hundai” avtomobil hissələrinin satışından narahatlığını bildirərək bu işlərə nəzarət etməyə cavabdeh dövlət orqanlarınına 23 avqust 2023-cü ildə, saxta hissələri tanımaq və əmtəə bazarında satışını məhdudlaşdırmaq məqsədilə treyninqlər də keçirmişlər. Lakin vəziyyət düzəlməmiş və saxta avtomobil hissələri əmtəə bazarına daxil olmaqla avtomobil istehlakçılarının həyatında, heç bir dövlət qurumu tərəfindən araşdırılmayan və ya araşdırılsa da, gizli saxlanılan acınacaqlı nəticələrini qoymaqdadır!

Paradoksal və təəccüblü haldır ki, “Hundai” avtomobillərini və hissələrini  uzun illərdir ki, satan ekskuliziv distrübüter olan, yəni hissələri satmağa müstəsna hüququ olan “Avto Azərbaycan” MMC şirkəti bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir, bu da başqa bir sual doğurur?! Hətta araşdırmalar göstərir ki, “Avto Azərbaycan” MMC-ni “Hundai” markalı avtomobil hissələrilə təmin edən Koreyanın “MOBİS” şirkəti hələ 2018-ci ildə əmtəə nişanını Azərbaycanda Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyata aldırmışdır!

Rəsmi qeydiyyata alınmış əmtəə nişanı ilə ölkəyə saxta avtomobil hissələrinin idxal olunmasına nə ad vermək olar? Gömrük orqanları hara baxır, onda Əqli Müülkiyyət Agentliyi nəyə lazımdır, nə üçün əlaqəli işləmirlər?!
AİİB-n araşdırması əsasən “Hundai “avtomobil hissələrinin aşağıdakı adlarda qeyd  olanlarının saxta variantlarını mövcudluğunu üzə çıxarmışdır:

1. Əyləc qəlibləri  2. Yanacaq filterləri  3. Yağ filteri  4. Hava filterləri  5. Mühərrik qayışı  6. Hidravlik tarımlayıcı  7. Sükan lenti  8. yağ karteri  9. Yağ nasosu  10. Salniklər  11. Porşenlər  12. Val  13. Vanus (valın boyunluğu)  14. Mühərrik təmir dəsti  15. Mühərrik yastığı  16.Muftalar  17. Alışqan şamları  18. Əyləc diski  19. Amartizatorlar  20. Sürgü qolları  21. Porşen üzlüyü  22. Zəncir dəsti və s.

Qeyd olunan saxta avtomobil hissələrinin  hər birinin avtomobil istehlakçılarının (sürücülərin) həyat təhlükəliliyi və maddi itkilər, ümumiyyətlə, avtomobilin tam sıradan çıxması  üçün özünəməxsus təsirləri vardır.

Məsələn, AİİB-in  ofisində olan saxta yağ filterini tərəziyə qoyduqda orjinaldan yüngül gəlməklə bərabər, filterin daxilində olan klapanın orjinaldan fərqli olaraq hündür olması,avtomobilin xəbərdarlıq  informasiya panelinə doğru olmayan informasiyanı ötürməklə, avtomobilin mühərrikinin tam sıradan çıxmasına səbəb olur.  Saxta filterdə istifadə olunan təmizləyici qatların miqdarı azdır ki, bu da filterin qalıqları saxlamasına şərait yaratmır və.s

Yaxud saxta termostat lazımi temperatur reimində klapan uyğun funksiyanı yerinə yetirmir, məlumat panelinə doğru informasiya ötürülmür, saxta şamlar, yanma rejiminin pozulması avtomobilin mühərrikinin sıradan çıxmasına, saxta əyləc yastıqları, diskin sıradan çıxması və təhlükələrə səbəb olur.

Üstəlik Babək prospektində yerləşən  “Korea avtomobil hissələri” (Köhnə adı Fovarit) dükanından (0775022233; 0504003450; 0504003460) alınıb AİİB-in ofisinə gətirilmiş bu saxta hissələr: yağ filteri - 7 azn, termostat - 20 azn üçün ödəniş müqabilində verilən maliyyə sənədi də saxtadır, rəsmi kassa çeki deyildir.  Bu hal Babək pr-ti, Maşın bazarı Avto Mall1,sıra 1, mərtəbə 1,mağaza 26-dan (0773150901) 6 azn-ə filter  satılmış dükanda da təkrar olunur, yəni saxta “maliyyə” sənədi verilir.

Əksər saxta mal satışı yerlərində, istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “Qaimə Fakturanı”da vermirlər, yəni iz qoymurlar. Saxta hissələrin  markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” qaloqramından istifadə olunur, filterlərin isə acıq tərəfi üstəlik  xüsusi dizaynlı örtüklə örtülür. Saxta filterlər orjinaldan fərqli olaraq , nisbətən böyük, tünd rəngli karton qutuya qablaşdırılmışdır. Vizual olaraq termostatlarda da bu kimi fərqi hiss etmək olar.

AİİB-in araşdırmaları göstərir ki, kommersiya qurumları və liberal bazar iqtisadiyyatı üçün yaradılmış mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə Respublikası, Koreya Respublikası, Rusiya Federasiyasından  “Hyundai” markalı avtomobillərə  məxsus  müxtəlif növdə saxta hissələri idxal edirlər.  Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər, əsasən Bakı şəhəri, Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində, “Korea avtomobil hissələri” (Köhnə adı Fovarit)  və həmin prospektdə yerləşən  çoxsaylı  mağazalardır.

Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır. Bazardakı bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur.
Müşahidələr göstərir ki, yol nəqliyyat hadisəsi törəndikdə, əsasən sığorta şirkətləri də bu “fürsəti” əldən vermirlər, yəni saxta avtomobil hissələrindən yetərincə istifadə etməklə məbləği “orjinal” adıyla artırırlar.

Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilə bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsi, xidmətdən istifadə etmiş istehlakçı, ustanın səhvi üzündən  hadisə törədib hətta dünyasını dəyişsə belə, sonuncu dəfə harada hansı usta tərəfindən avtomobilin təmir edilməsinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddəsi: Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi
 
Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Tək “Hundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil  hissələrinin saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə üçün müsadirə edilmir, nə üçün dövlətin qanunlarına əməl edilmir?!

“Hundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq AİİB, Prezident Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, AR-nin Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişdir".

Sevinc İBRAHİMZADƏ