Fazil Mustafadan "CBC Sport"a etiraz: "Başdan-ayağa təxribatdır"

 23:02 07.09.2024     489

"Anlamaq mümkün deyil. "CBC Sport"un Gürcüstan-Çexiya matçını canlı yayından transilyasia etməsi başdan-ayağa təxribatdır. Bu cür futbolu da bizə canlı-canlı göstərərlər? Nə demək istədikləri aydın deyil".

Redaktor.az xəbər verir ki, bunu özünün feysbuk hesabında millət vəkili Fazil Mustafa yazıb.

"Ola bilsin düşünüblər ki, bizim futbol idarəçiləri, məşqçi heyəti və futbolçular baxıb gürcülərdən futbol, məsuliyyət və intizam öyrənəcəklər. Əgər bu məqsədi güdüblərsə, niyyətləri hər halda pis sayılmaz. Əgər bunu futbolumuzu idarə edənləri utandırmaq üçün ediblərsə, faydasız davranış olduğunu düşünürəm. Burada ən çox Azərbaycan tamaşaçısına əzab vermə motivi özünü büruzə verir. Gürcüstan və Ermənistan, eləcə də Qazaxıstan milli futbol komandalarının oyunlarını izləyən bir azərbaycanlı hansı acı duyğular, iztirablar yaşamaz ki? Ona görə də bu cür matçların canlı olaraq verilməsini doğru saymıram. Futbola, milli komandaya, milli çempionata ciddi yanaşılmayana qədər millətə bu cür futbol oyunlarını göstətmək yanlışdır. Sözün qısası, bizdə futbol canlanmayana qədər başqalarının canlı futboluna canlı-canlı baxmaq canımızı hələ çox acıdacaq. Bir azdan tək sevincimiz olan “Qarabağ”ın da futbolumuzun ölüsünü sürüməyə taqəti qalmayacaq…", - deyə deputat fikrini yekunlaşdırıb.

T.İSMAYIL