Adını dəyişənin həyatı dəyişir? - AÇIQLAMA

 14:22 09.09.2024     544

Bəzən həyat arzuladığımız kimi getmir, problemlər yaşayırıq, maddi sıxıntılarla üzləşirik, tərk edilirik və s. Təbii ki, bütün bu baş verən mənfi situasiyaların səbəbləri müxtəlif ola bilər.

Bəs adınız bu hadisələrdə nə qədər rol oynayır?

Belə ki, sosial şəbəkələrdə müəyyən şəxslər var ki, insanların problemləri sayəsində özlərinə biznes qurublar.

Söhbət numeroloqlardan gedir. Onlar yuxarıda sadaladığımız hadisələrlə üzləşən insanları bütün bu olanların əsas səbəbinin həmin şəxsin doğulandan bəri daşıdığı adla bağlı olduğuna inandırırlar. Beləliklə, müraciət edən şəxs üçün "uğurlu ad" seçirlər və bundan sonra o, bütün problemlərindən bir növ azad olur, işləri qaydasına düşür.

Bəs insanlara psixoloji təsir edən numeroloqların bu fəaliyyəti nə qədər düzgündür?

Bu barədə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Redaktor.az-a açıqlamasında bildirdi ki, numerologiya, elmi əsası olmayan fikirlərdən ibarətdir:

""İnsanın adı onun taleyidir" düşüncəsi ədəbi yanaşmadır. Hər kəs daha asan həyat axtarır. İstəyirlər ki, asan şəkildə varlı həyat yaşasınlar. Mühit də varlı həyatı təbliğ edir. Cəhalət olan cəmiyyətdə insanlar xürafata məruz qalırlar. İnsanlar istəyirlər ki, arzuladıqları həyat daha tez reallaşsın. Korporativ maraqları olan insanlar da başqalarının arzularını daha tez reallaşdıracaqlarına söz verib öz arzularını daha tez reallaşdırırlar. Vəziyyət bu qədər gülməlidir". 

Psixoloqun sözlərinə görə, özünə numeroloq deyən şəxslər cəmiyyətin cəhalətindən sui-istifadə edirlər:

"Məntiqin olmadığı, elmi əsası olmayan hansısa metod necə insanın taleyinə təsir edə bilər? Heç kim sorğulamaq istəmir və hər kəs yalan eşitmək istəyir. İnsanların numeroloq yanına getməkdə niyyəti odur ki, başqalarından daha rahat yaşasınlar. Bir insanın rahatlığı başqasının narahatlığı ilə tənzimlənmir. Hansısa rəqəm insanın taleyini dəyişə bilməz. Həyatda özünə və başqalarına qiymət kimi verilən rəqəmlər insanın həyat meyardır. Numeroloq və digər buna bənzər fəaliyyətlərə insanlar inanmamalıdırlar. Onlar ifşa edilib, qanun qarşısında cavab verməlidirlər. Hüquqi müstəvidə mübarizə aparılmalıdır. Cəmiyyətdə sağlam psixoloji mühit formalaşdırmaq üçün öncə hüquqi düşüncə formalaşmalıdır".

Məsələnin hüquqi tərəfləri ilə də maraqlandıq.

Vəkil Turan Abdullazadə  qeyd etdi ki, numerologiya ilə bağlı heç bir məsuliyyət yoxdur:

"İstər falçı olsun, istər numeroloq olsun, insanlar bu şəxslərə könüllülük əsasında ödəniş edirlər. Yəni inanan insanlar var. Tərəflər arasında könüllü pul vermək olduğu təqdirdə burada heç bir məsuliyyət yoxdur. Çünki müraciət edən şəxsə seçilən adın nə qədər uğurlu olub-olmayacağını da demək mümkün deyil. Vətəndaş deyə bilməz ki, mənə qarşı dələduzluq edilib, filan ad mənə veriləndən sonra pis nəsə yaşadım. Bunlar əlaqələndirilə bilməz. Numeroloq  o zaman məsuliyyətə cəlb oluna bilər ki, o, vətəndaşdan 5 min - 10 min pul alsın. Bu, açıq-aşkar dələduzluq sayılardı".

Sevinc İBRAHİMZADƏ

2