Ərdoğanla görüşən şəhid qardaşların anası: "Mənə dedi ki, cənnətdə sizi şəhid övladlarınız qarşılayacaq”

 13:57 09.09.2024     332

Ötən həftə “YAŞAT” Fondu və Turan-Azərbaycan Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid ailəsi Zəfər bayramı münasibətilə qardaş Türkiyədə səfərdə olub. Şəhid yaxınları tədbir çərçivəsində həm də prezident Rəcəb Tayyib Ərdoğanla görüşüblər. 

Səfərlə bağlı təəssüratlarını Redaktor.az-la bölüşən şəhid qardaşlar - İntiqam və Nurlan Əsgərlinin anası Ziba Əsgərli bu görüşün onları çox qürurlandırdığını bildirdi:

“Biz Rəcəb Tayyib Ərdoğanla görüşəndə prezidentə dedilər ki, Ziba ananın iki oğlu şəhid olub. Prezident Ərdoğan dedi ki, “Ziba ana, bilirsiniz ki, cənnətdə sizi şəhid övladlarınız qarşılayacaq”. O, bizimlə çox xoş söhbətlər etdi. Həm də tapşırdı ki, şəhid ailələrini onunla tez-tez görüşdürsünlər. Prezident Ərdoğan bizi öz iqamətgahında da qarşıladı. Sonra Şəhidlər Xiyabanını ziyarət etdik.
Vətən Müharibəsi Qəhrəmanı olan oğlum İntiqam Əsgərli Türkiyədə "Dağçılıq" kursunu bitirmişdi və Azərbaycan Ordusunda bu kursdan dərs deyirdi. Həmişə deyirdi ki, “ana, sən mənimlə fəxr edəcəksən”. Prezident Ərdoğan danışdıqca, İntiqamın sözləri yadıma düşdü. Ümumiyyətlə, görüşdə övladları Türkiyədə təhsil alan şəhidlərin valideynləri iştirak edirdi. Bu görüş bizi çox qürurlandırdı. Bu görüşü təşkil edənlərə minnətdarlıq edirəm”.  

Qeyd edək ki, Ziba xanımın kiçik oğlu Nurlan Əsgərli 2016-cı ilin aprel döyüşlərində şəhid olub. O, ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla təltif edilib. 
 
Böyük oğlu İntiqam Əsgərli isə Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölkə başçısı tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, bundan başqa !Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vasif ƏLİHÜSEYN

2