Məktəb bufetlərində bu məhsulları uşaqlara satmaq olmaz - AÇIQLAMA

 17:33 09.09.2024     337

Yeni tədris ilinin açılmasına sayılı günlər qalıb. Bu isə məktəblərlə bağlı problemləri gündəmə gətirir. Belə ki, məktəblərdə valideynləri narahat edən ən vacib məsələlərdən biri də bufetlərlə bağlıdır. Bir çox valideyn uşaqlarının çantasına ev şəraitində hazırlanmış yeməklər qoysa da, bufetlərdən aldığı məhsullarla qidalanan şagirdlər də az deyil. 

Bəs məktəb bufetlərində qida məhsullarının istifadəsi və satışı hansı şəkildə həyata keçirilməlidir?

Bu barədə qida mütəxəssisi Ağa Salamov Redaktor.az-a açıqlamasında bildirdi ki, məktəb bufetlərində qida təhlükəsizliyi əsas olmalıdır:

"Qəbul olunan məhsullara diqqət olunmalıdır ki, - ətə, toyuğa baytar nəzarəti var, - onların saxlanma şəraiti necədir? Əsasən riskli qidalar xüsusi saxlama şəraiti tələb edir. Həmçinin qidaların emal prosesi yerində hazırlandığı təqdirdə sərin otaqda həyata keçirilməlidir, mühit temperaturunda çox saxlamamaq şərtilə bufetə təqdim olunmalıdır".

Ekspertin sözlərinə görə, isti yeməklər isə bufetdə 2 saatdan çox qalmamalıdır.

"Ən yaxşı üsul isti yeməklərin isti qida zənciri ilə daşınması, salat və sair kimi yeməklərin isə soyuq qida zənciri ilə daşınaraq məktəb bufetlərinə çatdırılmasıdır. Amma mənşəyi məlum olmayan turşuları, cipsləri, bitki yağları ilə hazırlanmış süd məhsullarını və sairi uşaqlara vermək olmaz. Eyni zamanda rəngli qazlı içkilərin məktəb bufetlərində satılması düzgün deyil. Çünki azyaşlı uşaqlar üçün bu növ içkilər zərərli hesab olunur. Ən yaxşısı, sağlam emaldan keçmiş qida məhsullarıdır ki, onlara lifli qidalar daxildir. Mövsümi tərəvəzlər, sağlam ət, toyuq, balıq və sair kimi məhsullar, həmçinin sadə su və meyvə şirələrinin istifadəsi uşaqlar üçün daha faydalıdır", - deyə Ağa Salmanov bildirdi.

Sevinc İBRAHİMZADƏ