Bakının mərkəzində ağacların nəfəs almasına yer qoymadılar - FOTO
Sosial şəbəkələrdə Bakının Nizami küçəsindəki ağacların asfaltlanması ilə bağlı görüntülər yayılıb. Belə ki, şəkillərdə asfaltlanma zamanı bəzi ağacların kəsildiyi, bəzilərinin isə çox az məsafəli sədd ilə əhatə olunduğu əks olunur.
Bəs ağacların ətrafına qoruyucu sədd hansı məsafədə qoyulmalıdır?
Bu barədə ekoloq Sevil Yüzbaşova Redaktor.az-a açıqlamasında bildirdi ki, ən azından bu sədlər ağacdan 50-60 sm aralı olmalıdır ki, ağacın köklərinə ziyan gəlməsin:
"Bu fotolardan elə başa düşülür ki, sədlə ağac arasındakı məsafə 20 sm ya olar, ya da olmaz. Ağacın ətrafı üçün geniş ərazi olmalıdır ki, ona xidmət etmək mümkün olsun. Həm də bəzi ağaclar kökündən yeni zoğlar verir, xüsusən də çinar ağaclarının kökünün ətrafında həmişə gənc zoğlar olur və ağacı inkişaf etdirərək uzunömürlü olmasını təmin edir. Eyni zamanda ağacların özlərinin də arasında məsafə olmalıdır. Çünki bəzi ağaclar nəhəng şəkildə böyüyürlər və bir-birilərinə mane olurlar".
Ekoloq vurğuladı ki, ağac inkişaf etdikcə onun gövdəsi də böyüyür:
"Məsafənin az olması isə ağacın köklərinin nəfəs almasına imkan yaratmır. Yəqin ki, bu küçəni asfaltlayanlar Yaşıllaşdırma İdarəsindən xəbərsiz iş görüblər. Lazım idi ki, Ekologiya İdarəsindən mütəxəssislər dəvət edib onların məsləhəti ilə ağaclar üçün əvvəlcə qoruyucu sədd hazırlansın, daha sonra asfaltlama işləri görülsün. Bunu edənlər isə yanlış iş görüblər".
Sevil Yüzbaşova ağaclarla bağlı keçirdiyi monitorinqdən də danışdı:
"Bəzi rayonlarda ağacların gövdəsinin dibinəcən betonlayıblar. Düzdür, həmin ağaclar yaşayış həyətində bitib, ağaclar çatlayıb və artıq insanlar üçün təhlükə yaradır. Amma dibi betonlanıb və aidiyyəti qurumlar heç maraqlanmırlar ki, həmin ağaclar sabah hansısa bədbəxt hadisəyə səbəb ola bilər".
Sevinc İBRAHİMZADƏ