Ölkədə ət qıtlığı yaranıb - Ekspert: "Örüş yerləri yenidən fermerlərin istifadəsinə verilməlidir"

 13:01 11.09.2024     592

Azərbaycanın ətlə təminatında idxaldan asılılıq artıb. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur. Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır.

Bəs Azərbaycanda heyvandarlığın inkişafını artırmaq üçün hansı işlər görülməlidir? Necə etmək olar ki, həm qonşu ölkələrdən asılılıq yaranmasın, həm də qiymətlər vətəndaşların cibinə uyğun olsun?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirdi ki, bütün məhsullar üzrə idxaldan asılılıq müəyyən risklər yaradır, amma Azərbaycan çoxsaylı məhsullarda idxaldan asılılığa malikdir:

"Bu da ölkənin milli təhlükəsizlik məsələsinə təhdiddir. Ətin idxalının artmasına gəldikdə isə, bu proses 2015-ci ildən başlayıb. Həmin ildən bütün örüş sahələri, ferma altında olan, bəzi hallarda yonca altında olan sahələr əkilərək pambığa verildi. Bu tendensiya bələdiyyənin və digər qurumların əl-ayağını açdı, onlar da örüş yerlərini öz məqsədlərinə uyğun olaraq satmağa, icarəyə verməyə başladılar. Bundan sonra dövlət fondu və bələdiyyə torpaqlarının satılması prosesi sürətləndi. Bunun da nəticəsində ölkədə heyvandarlıq küncə sıxışdırıldı, heyvan başı sayı azaldı. 2017-2018-ci illərdə fermerlər öz əllərində olan heyvanları bazara çıxararaq kütləvi şəkildə satdılar. Onda ətin qiyməti nisbətən ucuzlaşdı. 2018-ci ildən sonra isə təklifin azalması ilə bağlı ətin qiyməti bahalaşmağa başladı. Bir növ ətin qıtlığı hiss olundu. Bu azalma ildən ilə artdı. 2022-ci ildən başlayaraq hər ilin hətta yay aylarında belə ətin qiyməti yüksək olur. Hazırda da qiymətlər aşağı deyil və payızda bahalaşma gözlənilir. Bu da ancaq defisitlə, yəni bazardakı çatışmazlıqla bağlıdır: tələb çoxdur, təklif isə azdır".

Ekspert qeyd etdi ki, fermerlər bu problemdən çıxış yolu kimi heyvanları çöldə otara bilmədikləri üçün qapalı şəraitdə saxlamağa başladılar.

"Qapalı şəraitdə iribuynuzlu heyvanların saxlanması müəyyən qədər səmərəlidir, ancaq xırdabuynuzlu heyvanların qapalı şəraitdə saxlanması çətin prosesdir. Örüş şəraitində 1000 qoyun bəsləyən fermer qapalı şəraitdə 200 qoyundan artıq bəsləyə bilmir, yəni məhsuldarlığı 5 dəfə aşağı düşür. Beləliklə, ölkədə ət çatışmır və bu proses davam edir. Hesab edirəm ki, bunu aradan qaldırmaqdan ötrü heyvandarlıqla məşğul olan fermerlərin otlaq sahələri özlərinə qaytarılmalıdır. Bütün ölkə ərazisində istər üstündə pambıq əkilən, istərsə də digər məhsullar əkilən örüş yerləri də yenidən fermerlərin istifadəsinə verilməlidir. Məsələn, 5-10 il bundan əvvəl harada ki, otlaq sahəsi var idi, həmin yerlər bitki örtüyündən azad edilməlidir.

Digər yol isə işğaldan azad olunmuş ərazilərdə minadan təmizləmə prosesini sürətləndirib həmin yerlərdə heyvandarlıqla məşğul olmaq üçün şəraitin yaradılmasıdır. Minadan təmizlənmiş ərazilər nə qədər sürətlə genişlənərsə, həmin ərazidə heyvandarlığın inkişafı daha sürətlə baş verəcək. Ümid edirik ki, işğaldan azad olunmuş rayonlarda, o cümlədən Xankəndi və onun ətrafında fermerlərin heyvandarlıqla məşğulliyyəti inkişaf etdiriləcək. Heyvandarlıq təsərrüfatların inkişafı sayəsində ölkə daxilində ətə olan tələbatın ajiotaj dərəcədə yüksəlməsinin qarşısı alınar", - deyə Akif Nəsirli yekunlaşdırdı.

Sevinc İBRAHİMZADƏ