AYNA-dan Bibiheybət, 20-ci sahə, Bayıl sakinlərinin narazılığına QƏRİBƏ CAVAB

 18:04 10.09.2024     458

"Formula-1 üzrə “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanıb. Bununla əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib".

Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Dəyişikliyə əsasən, 5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərir. “Nəriman Nərimanov” metro stansiyasını Süleyman Rəhimov küçəsi ilə əlaqələndirən birinci istiqamət üzrə 10 avtobus sərnişindaşımaya cəlb edilib. 20-ci Sahə dairəsini Bakı Funikulyoru (Bəhram Gur heykəli) ilə əlaqələndirən ikinci istiqamətdə isə 7 avtobus sərnişinlərə xidmət göstərir. Hər iki istiqamətdə avtobuslararası hərəkət intervalı 8 dəqiqə təşkil edir.

149 nömrəli müntəzəm avtobus marşrutu üzrə gün ərzində 12 nəqliyyat vasitəsi 10-12 deqiqə hərəkət intervallı ilə fəaliyyət göstərir. Formula-1 yarışları ilə əlaqədar avtobus marşrutunun son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı təyin edilib. Lakin Salyan şosesində şəhər istiqamətində yol təmirlə əlaqədar bağlandığından 149 nömrəli avtobus hazırda “Binə” ticarət mərkəzi ərazisindəki Mübadilə Mərkəzinədək fəaliyyət göstərir".

Qurumdan bildirildi ki, yollarda təmirlə əlaqədar məhdudiyyətlərin tətbiq edilməsi və nüfuzlu idman tədbiri ilə bağlı avtobusların hərəkətində ləngimələr müşahidə olunur.

AYNA-nın cavabından göründüyü kimi, 149 nömrəli avtobus xəttindəki sakinlər (Şıx, Bibiheybət, "Jurnalist binaları", "Şəhid ailələri və qazilərin binası", "Kristal Abşeron binaları") nəqliyyatsız qalıb, 20-ci sahə, Bayıl əhalisi isə yalnız 5 nömrəli avtobusun ümidinə qalıb. Əgər 149 nömrəli avtobus yoldakı təmirə görə (təmir yaşayış yeri olmayan hissədə gedir) şəhərə buraxılmırsa, bəs o zaman Bibiheybət-"Azneft" istiqamətində xəttə başqa bir avtobus niyə buraxılmır? Minlərlə insan niyə nəqliyyatsız qoyulub?

Qeyd edək ki, sözügedən istiqamətdə ictimai nəqliyyatın işləməməsi və ya avtobusların azlığı sakinlərin ciddi narazılığına səbəb olub.

Sevinc İBRAHİMZADƏ