Bulvarda tülkülər göründü - Dənizkənarı Bulvar İdarəsindən AÇIQLAMA

 15:05 11.09.2024     527

Bakıda Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanı tərəf olan hissəsində tülkülər görünüb. Vətəndaşlardan birinin sözlərinə görə, o, iki dəfə fərqli tarixlərdə axşamçağı həmin ərazidə tülkü ilə qarşılaşıb. Birinci dəfə tülkünü dəniz qırağındakı daşların üstü ilə gedərkən, növbəti dəfə isə skamyaların arxasında yerləşən yaşıllıq sahəsində görüb.

Ümumiyyətlə, tülkülərin insan məskənlərinin yaxınlığında görünməyə başlaması ilə bağlı xəbərlər bir neçə ay öncə də gündəmdə idi. Mərdəkanda, Pirallahıda, Qalada, Badamdarda və Səbail rayonunda yaşayan vətəndaşlar tülkülərin çoxalmasından şikayətlənmişdilər. 

Lakin Bakının tam mərkəzində - bulvarda tülkü ilə qarşılaşmaq, təbii ki, daha təəccüblüdür.

Bəs Bulvarda tülkülərə rast gəldikdə idarə tərəfindən hansı addımlar atılır?

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən Redaktor.az-ın sorğusuna belə cavab verildi:

"Bulvar ərazisində tülkü və ya buna bənzər canlılara rast gəlinəndə Dənizkənarı Bulvar İdarəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işçi qaydada müraciət olunur və ya nazirliyin 168 “Çağrı Mərkəzi” nömrəsinə zəng edilir. Nazirliyin müvafiq struktur bölmələri həmin canlıların bulvar ərazisindən uzaqlaşdırılması istiqamətində zəruri addımlar atırlar".

Qeyd etmək lazımdır ki, tülkülər quduzluq xəstəliyinin yayılmasına səbəb ola bilərlər. Quduzluq isə olduqca təhlükəli xəstəliklərdəndir.

Sevinc İBRAHİMZADƏ