Bakı metrosu yeni tədris ilinə necə hazırlaşır?
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bir neçə gündən sonra ali və orta ixtisas müəssisələrinin açılması ilə Bakıda təhsil alan tələbələr şəhərə axın edəcək və ictimai nəqliyyatdakı sıxlıq bir az da artacaq. Bəs bu vəziyyətə "Bakı Metropoliteni" QSC necə hazırlaşır?
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, yeni tədris mövsümünün başlaması "Bakı Metropoliteni"ndə də əsasən hərəkət qrafiklərinə dəyişikliklərin edilməsinə, stansiyaların iş rejimində bu və digər tənzimlənmələrin aparılmasına başlanıldığı dövrdür:
"Eyni zamanda "Bakı Metropoliteni"ndə yeni tədris mövsümünün başlaması ilə əlaqədar ali və orta ixtisas tədris müəssisələrinin iş rejimlərinin, xüsusən də 1-ci və 2-ci dərs növbələrinin başlaması və bitməsilə bağlı monitorinqlər aparılır. Bunun əsasında gur saatların vaxtı və gün ərzində tənzimləmələrin xarakteri bəlli olur. Təbii ki, yay dövrü başa çatdığı üçün idarə və müəssisələrdə də iş rejimində müəyyən tənzimləmələr olur. Bu məlumatların hər biri artıq "Bakı Metropoliteni"ndə toplanıb".
Mətbuat katibi qeyd etdi ki, yaxın günlərdə metropoliten iş rejimi ilə bağlı məlumatları işıqlandıracaq:
"Bugünkü real texniki imkanlar daxilində "Bakı Metropoliteni" ən optimal hərəkət qrafikini təmin edəcək, lakin günün saatlarına görə vəziyyətin qiymətləndirilməsi ilə bağlı işlər üzərində hazırda son tamamlamalar aparılır və bununla bağlı ictimaiyyətə əlavə məlumatlar da təqdim olunacaq".
Sevinc İBRAHİMZADƏ