Bakı və Abşeronda bu ağaclar əkilməlidir: Ekoloq: "Meyvəsini xarici ölkələrə sata bilərik"
Azərbaycanda xüsusilədə Bakı və Abşreonda küçələrdə, yol qıraqlarında müxtəlif növ bitki və ağaclara rast gəlirik. Bu ağaclar həm estetik, həm də sağlamlıq cəhətdən faydalıdır. Yəni onlar havaya oksigen buraxır. Ancaq bəzən də bu ağacların tozlanmaya səbəb olduğunu və ya quruduğunun şahidi oluruq. Bu səbəbdən hansı ağaclar əkilməlidir ki, həm az su tələb etsin, həm də faydalı olsun?
Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirdi ki, Bakı və Abşeron dəniz sahili olduğundan torpağı səhra tiplidir.
"Bakı səhra, Abşeron yarımadası isə yarımsəhra tipli ərazidir. Bu səbəbdən bitkilər üçün əlavə münbit torpaq gətirilmirsə, susuzluğa dözə bilən bitkilər əkilməlidir. Çünki əks halda əkilən ağaclar da quruyacaq, ömrü az olacaq. Bu ağaclara misal olaraq, akasiya, çinar, sərv, söyüd kimi ağaclar əkilməlidir. Hətta şam ağacları unikaldır. Ancaq ən təhlükəli cəhəti tez alışması, oda tez reaksiya verməsidir. Sadaladığımız bitkilər su tələb etmir və oksigeni bol buraxır. Xüsusilə qeyd etmək lazımdır ki, Bakı çox küləkli şəhər olduğuna görə hündür ağaclar tövsiyə olunmur".
Ekoloqun sözlərinə görə, məhsuldar ağaclar var ki, onları boş ərazilərdə əkmək həm ekologiya, həm də bazar üçün əlverişlidir.
"Elə ağaclar əkilməlidir ki, Bakı və Abşeronun qismən sərt qışı da nəzərə alınsın. Məsələn xurma, zeytun, söyüd ağacları buna misaldır. Xüsusilə zeytun ağacını qeyd etmək lazımdır ki, ölkəmizin bir çox ərazisində əkilməlidir. Çox məhsuldar bitkidir, suya çox ehtiyacı yoxdur. Zeytunu xarici ölkələrə ixrac edə bilərik. Nəticədə iqtisadi cəhətdən də qazana bilərik. Bundan əlavə onu deyə bilərəm ki, hər bir ağacın ömrünə təsir edən əsas amillərdən biri də onların baxımıdır. Ağaclar əkildikdən sonra qorunmalıdır, vaxtlı-vaxtında kəsilməli, budanmalıdır", - deyə Qorxmaz İbrahimli əlavə etdi.
Türkan İSGƏNDƏRLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.