Bakı metrosundakı havasızlığın səbəbi açıqlandı: "İqlim dəyişiklikləri yerin altında da özünü birüzə verir"

 12:55 12.09.2024     1015

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər Bakı metrosunun bəzi stansiyalarında havalandırma sistemlərinin işləməməsindən şikayətlənirlər. Sərnişinlərə görə metro stansiyaları sanki saunanı xatırladır. Hərçənd hələ 2021-ci ildə metro stansiyalarına 20 yeni ventilyator istifadəyə verilmişdi. Eyni zamanda planda təbii havalandırılmaların gücləndirilməsi var idi.

Bəs hazırda Bakı metrosunun ventilyasiya sistemləri hansı vəziyyətdədir? Stansiyalarda havasızlıq problemi nə vaxt bitəcək?

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, metropolitendə bütün ventilyatorlar işləyir və qrafikə uyğun olaraq çalışır:

"Lakin mövsümdən asılı olaraq ventilyatorların iş rejimi dəyişdirilsə belə, Bakının iqlim şəraiti günün müxtəlif saatlarında fərqli ola bilir. Bu səbəbdən sistemin çevik və operativ dəyişdirilməsi və tənzimlənməsi mexanizmləri də var. Hal-hazırda biz qeyri-rəsmi olaraq, payız fəslinə qədəm qoymuşuq, amma havanın hərarəti yay fəslinə uyğundur deyə ventilyatorların iş rejimində məhz bu xüsusiyətlər nəzərə alınıb. Günün istənilən saatında hava proqnozu və real hava şəraitinə uyğun olaraq bu sistemlərə nəzarət, onların iş rejimlərinin tənzimlənməsi tətbiq olunur".

Mətbuat katibi vurğuladı ki, sözügedən sistem 2018-ci ilə qədər Bakı metropolitenində yox idi:

"2018-ci ildən sonra məhz hər mövsümə uyğun və mövsüm daxilində tənzimləmələr sistemi tətbiq olunub. Bunun da öz müsbət təsirləri var. Həmçinin, metropolitendə ventilyatorların yenilənməsi mərhələli şəkildə davam edir. Əfsus ki, bütün ventilyatorların birdən-birə dəyişməsi qeyri-mümkündür, lakin hər dəyişən ventilyatorun yerinə ondan 2-3 dəfə daha güclüsü alınır. Bunun əsas səbəbi Bakının iqlim şəraitində baş verən dəyişikliklərdir. Ümumiyyətlə, dünyamızda iqlim şəraiti sürətlə istiləşməyə doğru gedir və paytaxtımızda keçirilən COP29 tədbiri də məhz bu iqlim dəyişmələrinə dünyanın reaksiyası hesab olunur. Bu aspektdə Bakıda müəyyən təsirlər var ki, yerin altında da özünü birüzə verir".

Bəxtiyar Məmmədov qeyd etdi ki, Bakı metropoliteninin stansiyalarında tətbiq olunan digər sistemlərin də özünəməxsus təsirləri var:

"Zaman dəyişdikcə texnologiyalar da dəyişir. Bu gün Bakı metrosunda kondisionerli qatarlar hərəkət edir, sərnişin sayı son illərdə kifayət qədər sürətlə artıb. Ventilyasiya sisteminin yenilənməsində bütün bu məsələlərə xüsusi diqqət yetirilir, lakin mərhələli şəkildə həyata keçirilir. Bundan əlavə olaraq, stansiya və tunellərdə olan ventilyasiya sisteminə əlavə olaraq, təbii havalandırma qurğuları da quraşdırılır. Bu da dövrün tələbinə uyğun olaraq, süni havalandırma - ventilyatorların iş rejimi ilə paralel və bir-birini sinxron tənzimləyən sistemlərdir. Bu il 6 təbii  havalandırma sistemi quraşdırılıb. Hər birinin dinamik təsirləri var. Bu tədbirlər nəticəsində son illərdə "Bakı Metropoliteni"nin həmin havalandırmaların tətbiq olunduğu stansiyalarında yay dövründə havanın hərarətinin 1 dərəcədən 3 dərəcəyə qədər aşağı düşməsini müşahidə edirik".

Sevinc İBRAHİMZADƏ