Türkoloq alim Ortaq Türk Əlifbasındakı "Ñ" hərfinə aydınlıq GƏTİRDİ

 15:37 12.09.2024     1373

Sentyabrın 9-11-də Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib. TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Birgə Əlifba Komissiyası üzvlərinin iştirak etdiyi iclası uğurla başa çatıb. İclasın əsas məqsədi ortaq əlifba üzrə işləri yekunlaşdırmaq olub. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib.

Keçmiş təhsil naziri, türkoloq alim, professor Firidun Cəlilov Redaktor.az-a açıqlamasında Ortaq Türk Əlifbası ilə bağlı fikirlərini bölüşdü. Onun sözlərinə görə, digər türk dövlətləri öz əlifbalarını dəyişməlidirlər:

"1991-ci ildə türk ölkələrinin alimləri yığışıb 34 hərflik ortaq türk əlifbasını qəbul etdilər. O vaxt mən də Azərbaycanda Əlifba Komissiyasının sədri idim, gətirib parlamentdə təzə əlifbanı keçirdim və 33 ildir biz həmin ortaq əlifbanı işlədirik. Qəbul olunan əlifba bizə yox, o biri türk ölkələrinə - Özbəkistan, Qazaxıstan, Türkmənistan və sairə lazımdır. Bizim əlifba dəyişməyəcək, çünki biz ortaq əlifbanı 33 ildir onsuz da istifadə edirik. Biz o vaxt qəbul edəndə prinsip belə idi ki, 34 hərfdir, amma hər dildə 34 hərf yoxdur. Məsələn, tatarlarda 34-dür, bizdə 32-dir, türklərdə 29-dur və s. 34 hərf hamı üçün qəbul edilib, amma kimdə hansı səs yoxdursa, o hərfi qəbul eləmir. Yerdə qalan hərflərin hamısı eyni olduğu üçün bu, ortaq əlifba sayılır. Hətta Türkiyə bu səbəbdən bizdən 30 il geridə qalıb". 

Firudin Cəlilov: Öz əlifbamızda qalacağıq Yeni Sabah

Professor ortaq əlifbadakı "Ñ" hərfinə aydınlıq gətirdi:

"Ona "sağır-nun" deyirlər. Bu səs bizim bəzi dialektlərdə mövcuddur. Onu öz işlətdiyimiz əlifbaya ona görə salmadım ki, hələ Məhəmməd Əmin Rəsulzadənin dövründə - Cumhuriyyət qurulanda ərəb əlifbasından latına keçirildi, onda həmin hərfi işlətmədilər. 1939-cu ildə kiril əlifbasına keçid edəndə yenə həmin hərf əlifbaya salınmadı. Çoxları onu heç tələffüz edə bilmir. Ancaq bunu öz əlifbamıza əlavə edə bilərik. Onun üçün gərək həmin səsin işləndiyi sözlərin, şəkilçilərin siyahısını çıxaraq ki, insanlar düzgün istifadə edə bilsinlər".

Firudin Cəlilov qeyd etdi ki, bəziləri elə fikirləşir ki, bu hərflər kiril əlifbasına əsaslanıb:

"Ancaq bu yanlış fikirdir. Mötərizənin içində yazılan hərflər ona görədir ki, insanlar başa düşsün ki, həmin hərf hansı səsi ifadə edəcək".

Sevinc İBRAHİMZADƏ