"Əlifbadan sonra ortaq türkcənin formalaşması məsələsi də gündəmdə olacaq" - Məlahət İbrahimqızı

 16:46 13.09.2024     635

"İstər köhnə coğrafiyamızda olan türk xalqları, istərsə də Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərdə yaşayan əhali tarixi, mədəniyyəti, dini inancı, etnik kökəni bu istiqamətlər üzrə o qədər yaxın və ortaqdır ki, ona görə ortaq əlifbanın da qəbul olunması çox vacibdir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisinin deputatı Məlahət İbrahimqızı 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının təsdiqini şərh edərkən dedi.

"Bəlkə də dünyada baş verən çox sürətli qloballaşma, çox ciddi geosiyasi kataklizmlərlə, çox sürətlə gedən iqlim dəyişkənliyi ilə əlaqədardır. Yəni bütün bunlar hamısı insan cəmiyyətində də ciddi təsirini göstərir və bu mənada dünyada mövcud olan beynəlxalq təşkilatlarda da müxtəlif proseslərin getdiyini görürük. Sözsüz ki, hələ keçən əsrin sonlarında, artıq SSRİ dağıldıqdan sonra türk dövlətləri arasında bir sıra müstəvidə, bir neçə istiqamətlər üzrə beynəlxalq təşkilatlar, regional təşkilatlar yarandı və bu təşkilatların da yeganə məqsədi türk birliyinə nail olmaqdır. Azərbaycan, eləcə də digər türk dövlətləri bir sıra beynəlxalq təşkilatların üzvüdür. Yəni bir beynəlxalq təşkilatın və ya regional təşkilatın üzvü olmaq o deməkdir ki, orada tamamilə birləşmək yox, burada əməkdaşlıq və inteqrasiya, işbirliyinin daha sürətlə getməsinə nail olmaqdır. Təbii ki, bu gün mövcud olan türk dövlətləri arasında da dünyada baş verən proseslər fonunda əməkdaşlıq, işbirliyi, inteqrasiya çox sürətlə gedir. Bütövlükdə bu gün Türk Dövlətləri Təşkilatı çətiri altında ikitərəfli və çoxtərəfli formatda çox ciddi işlər görülür. 70 ildən artıq yaşadığımız sovet dövründə bizim öz tariximiz haqqında yetərli məlumat toplamağımız belə mümkün deyildi və ya tarix bir çox hallarda saxtalaşdırılmışdı. Ona görə də bu gün yeni yetişən nəsilə bizim ortaq türk tariximiz, şərəfli, şöhrətli dövlətlərin qurulması ilə dünya tarixinin qızıl səhifələrinə yazılmış bir millətin mənsubları olaraq biz ortaq əlifbamızı hazırlayıb, bütün türk dövlətlərində, hətta mümkün olduğu halda, köhnə coğrafiyamızda bunun necə tətbiq edilməsi günün ən zəruri məsələlərdən biridir", - deyə millət vəkili vurğuladı.

Deputatın sözlərinə görə, kiril əlifbalı türk dövlətlərinin latın əlifbasına keçidi zaman alacaq:

"Hər ölkənin özünün inkişaf yolu var. Yəni o ölkələrdə də əminik ki, gec-tez türk əlifbasına keçiriləcək. Bilirsiniz, indi hər ölkə öz durumundan asılı olaraq islahatlar aparır. Bilirsiniz, uzun illər sovetlər dövründə olan türk dövlətlərinin birdən-birə çox belə inqilabi dəyişiklik eləməsi o qədər də asan deyil. Bu reformlar da təkamül yolunda olmalıdır. Çünki nəsillər dəyişir. Yəni sovet dövründə 70 il formalaşan nəsili nəzərə almaq lazımdır. Yəni SSRİ dağılanda əhalinin çox hissəsi - 70/100-i təhsilli idi. Bu, təkcə Azərbaycanda deyil, eləcə də digər türk dövlətlərində yaşayanların 80 faizi sovet dövründə oxumuş, təhsil almış nəsil idi. Ona görə birdən-birə əhalinin çox hissəsini inkar edib yeni nəsil üçün hər şeyi etmək doğru deyil. Azərbaycanla Orta Asiya türk dövlətlərində bir qədər bəzi məsələlərdə fərqlilik var. Çünki sovet dövründə Azərbaycanda da rəsmi dövlət dili Azərbaycan türkcəsi olmuşdu. Amma Orta Asiyada olan qardaşlarımız, istər Qırğızıstan olsun, istər digər türk dövlətlərində rəsmi dil hətta öz ana dilləri olmamışdı. Məcburi bütün orta məktəblərdə, universitetlərdə rusca təhsil keçirilirdi. Ona görə türk dövlətlərinin latın əlifbasına keçirilməsi texniki məsələdir. 34  hərfdən ibarət olan türk əlifbasının qəbulundan sonra o ölkələrdə də keçid daha da sürətli olacaqdır. Təbii ki, bu gün həqiqətən də türk ictimaiyyəti bunu çox yüksək dəyərləndirir. Çox əhəmiyyətli, çox əlamətdar bir hadisədir. Bu əlifbadan sonra təbii ki, ortaq türkcənin formalaşması məsələsi, ortaq türk tarixinin tədrisinin hazırlanması və digər məsələlər də ən qısa zamanda gündəmdə olacaq. Türk xalqları, Türk dövlətləri əlaqələr inkişaf etdikcə bütün səviyyələrdə, bütün sahələrdə əlaqələr sürətləndikcə, gediş-gəlişlər, səfərlər artdıqca inteqrasiya prosesləri daha da sürətlə gedəcək və inteqrasiya, kommunikasiya, təmaslar artdıqca, insanların bir birini anlaması, Türk millətinin tarixində, leksikonunda, dilində olan və unudulmuş sözlər də artıq, necə deyərlər istifadə olunacaqdır. Amma ortaq tarixin də və ən yaxın zamanlarda hazırlanıb təsdiq olunması və bütün türk dövlətlərinə tətbiqi də zamanın ən zəruri tələblərindən biridir". 

Məlahət İbrahimqızı qeyd etdi ki, əgər bu əlifba qəbul olunubsa, Azərbaycanda istifadə etdiyimiz əlifbada da müəyyən dəyişikliklər oluna bilər.

Türkan İSGƏNDƏRLİ