Bakıda avtobuslar sərnişinlərdən "küsüb", yoxa çıxıb... - SƏBƏB

 17:21 13.09.2024     1099

Vətəndaşlar son günlərdə Bakıda avtobus zolaqlarının avtobus üzünə həsrət qalmasından narazılıq edirlər. Sərnişinlər bəzən yarım saatadək avtobus gözləyirlər, nəticədə məcbur qalıb taksilərdən istifadə edirlər. Beləliklə də, avtomobillərin yaratdığı tıxac karvanına onlar da qoşulurlar. Ekologiyanın qorunması, iqlim kirliliyinin azaldılması kimi mövzuların gündəm olduğu bir dövrdə yaşanılan bu reallıq tamamilə təzad yaradır. 

Bəs avtobusları sərnişinlərdən "küsdürən" səbəblər nədir?

Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bunun obyektiv səbəblərindən biri hal-hazırda şəhərimizdə iki beynəlxalq tədbirin keçirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, şəhərin müəyyən küçələri Formula-1-ə görə bağlanıb:

"Bakı monosentrikdir, yəni bir mərkəzlidir. Müəyyən küçələr COP29 iqlim sammiti ilə əlaqəli əsaslı təmir olunur. Yerin altındakı kommunikasiyalar - rabitə, qaz, işıq, internet kabelləri yenilənir, əsaslı təmirdən sonra isə bu yollar açılır. Küçələrin bağlanması səbəbindən, yəni obyektiv bir səbəbdən şəhərin mərkəzindən keçən marşrutlar 18-20, bəziləri hətta 30 dəqiqə gecikir, daha doğrusu, şəhərin mərkəzində tıxanır. Müşahidə etsəniz, görərsiniz ki, tıxacdan çıxandan sonra ard-arda eyni nömrəli marşrutlar gəlir. Avtobus zolağının olduğu təqdirdə artıq başqa reallıq olacaq və intensivlik artacaq, tam dövriyyəni icra edib növbəti avtobusun gəlməsi də təmin olunacaq. Əsas məsələ daha çox avtobus yox, əlimizdə olan avtobusun daha rahat, daha rəvan hərəkətidir. Sonradan təhlillər göstərir ki, avtobusların sayını da artırmaq gərəkdir. Amma mövcud olanlar tıxanıb və sonradan dalbadal eyni nömrəli marşrut gəlirsə, deməli, yollarımızda hələ tam keçid təmin olunmayıb. Mən düşünürəm ki, şəhərin mərkəzindəki əsaslı təmir işləri tam bitəndən, avtobus zolaqları şəhərin mərkəzində tam fəaliyyətə başlayandan və 28 May Nəqliyyatın Mübadilə Mərkəzi işə düşdükdən sonra biz daha sürətli və intensiv hərəkət edən avtobusları görəcəyik və indiki, yaxud keçənilki vəziyyətdən daha yaxşı  olacaq. AYNA-nın son hesabatında da göstərilir ki, dərs mövsümü ilə əlaqədar son üç ilin müqayisəsində bu il daha çox avtobus xəttə buraxılacaq. Həmçinin dərs mövsümü ilə əlaqədar həm Bakı-Xırdalan-Sumqayıt, həm Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatar reyslərinin də sayı artırılacaq. Eyni zamanda "Bakı Metropoliteni" də müəyyən saatlarda  2 dəqiqəlik və 2 dəfə artırılmış intervalla hərəkət edəcək".

Nəqliyyat eksperti qeyd etdi ki, gələcək üçün dayanıqlı ictimai nəqliyyat və dayanıqlı mobillikdən danışırıqsa, relsli nəqliyyatımızı inkişaf etdirməliyik.

"Dəmir yollarımızı modernləşdirib və qatar sayını fərqli istiqamətlərdə artırmalıyıq. Abşeron yarımadasında və şəhərin daxilindəki stansiyaların sayını artırmalıyıq ki, bu, birbaşa sərnişin axının parçalanmasına, digər nəqliyyat növünün yükünün azalmasına gətirib çıxaracaq. Metro stansiyalarının sayı artırılmalıdır. Dərnəgül, Koroğlu, Xətai, Həzi Aslanov xətlərinin ayrılması, Dərnəgül deposunun tikilməsi, bənövşəyi xəttinin Ağ şəhərə kimi gətirilməsi kimi tikinti işləri görülməlidir. Maliyyə mənbələri nə qədər baha olsa da, bunlar edilməlidir, çünki şəhər üçün hava, su kimi lazımdır. Eyni zamanda  şəhərə tramvayın qaytarılması vacibdir. Çünki şəhərin əsas yükünü daşıyan nəqliyyat növləri relsli nəqliyyatlardır. Relsli nəqliyyat həm daha çox sərnişini eyni anda daşıya bilir,  həm avtobusla müqayisədə daha uzun müddət xidmət edir, həm də daha keyfiyyətli daşınmanı özündə ehtiva edir. Amma bu mərhələli şəkildə olmalıdır. Yəni bu günə nəzərən ssenari üzrə işlər görülməli, daha sonra isə uzun və orta perspektivdə qeyd etdiklərim də nəzərə alınmaqla icra olunmalıdır", - deyə Rauf Ağamirzəyev bildirdi.

Sevinc İBRAHİMZADƏ