"Dayanacaqlar metro çıxışlarına daha yaxın olmalıdır" - AÇIQLAMA

 17:25 16.09.2024     547

Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər hər zaman avtobusların gecikməsindən, azlığından, bahalılığından şikayətlənirlər. Amma di gəl gör ki, qınanılan avtobusların özlərinin də müəyyən problemləri var. Bu məsələlər isə bütövlükdə nəqliyyat sahəsinə qınaq və qəzəb yaradır. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Redaktor.az-a paytaxtda avtobuslarla bağlı problemlərdən danışarkən bildirdi ki, nəqliyyat özü çoxşaxəli və mürəkkəb bir sahədir, burada çeşidli islahatlar icra olunmalıdır və effektivliyi artıran qərarlar qəbul edilməlidir:

"Ümumi olaraq, biz ictimai nəqliyyatın üstünlüyünü təmin edən zolaqların şəbəkələşmiş halda olmasını son zamanlar müşahidə edirik. Bundan qabaq cəhdlər olub. Məsələn, 2017-ci ildə ilk dəfə zolaq çəkildi, ondan əvvəl isə Avropa Oyunlarında çəkilmişdi, amma şəbəkələşməmişdi və effektiv olmadı. İndiki avtobus zolaqları daha çox şəbəkələşməyə doğru gedir və bu günə qədər olmayan yanaşma ilə bunu edirlər. Zolaq ensizləşdirilməsi işi görülür, yəni mövcud zolaq sayı qalır, bir zolağı avtobus üçün ayırırlar. Bu da çox vacib bir qərardır, həmçinin də xaotik hərəkətlərin olmaması üçün kanallaşmanı təmin edir. Çünki sürücülərdən daha geniş zolaqlarda yanlış manevr edənləri də olur. Bu da yekunda tıxaca, sıxlığa və nizamsızlığa gətirib çıxarır. Zolaqları məhz ensizləşdirməklə bir neçə məsələni də həll edirlər. Həm kanallaşdırırlar, həmçinin ayrılmış avtobus zolağı əlavə mikromobillik üçün şərait yaradırlar".

Ekspertin sözlərinə görə, digər önəmli və hal-hazırda problem kimi qalan hallardan biri də küçə boyu olan ağaclarrın budanmasıdır:

"Bunu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi təmin etməlidir. Səhv etmirəmsə, onlar 15 oktyabrdan budama işlərini görürlər. Düşünürəm ki, bu məsələ həll olunmalıdır. Çünki bəzi yollarda ağac budaqları fiziki olaraq avtobusu zədələməsin deyə avtobuslar o zolaqdan bir az kənar gedir".

Rauf Ağamirzəyev mövcud avtobusların və mövcud avtobus daşıyıcıların vəziyyətindən də danışdı:

"İndiki maliyyə modeli ilə keyfiyyətli daşımanın təminində problemlər yaranır. Ona görə yeni biznes modeli olan "brutto kontraktları"na keçid olmalıdır. Hökumətə təqdim olunub, təsdiqini gözləyir. Bu, hər kilometrə görə dövlət daşıyıcılara subsidiya edir, yəni obyektiv olaraq ödənilən 50 qəpiklə o, öz xərclərini qarşılaya bilməz. Ona görə aparıcı dünya şəhərlərində olan bir yanaşma ilə biz də buna keçid etməliyik. Daşıyıcılara subsidiya ayrılmalıdır və "brutto kontraktı" ilə bu məsələ də öz həllini tapır. Bununla həm daşıyıcıların təmirində, həm sürücülərin maaşında, həm də zaman-zaman qeyd olunan digər şikayətlər: soyutma-isitmə sistemi, avtobus parkının yenilənməsi və s. kimi problemlər aradan qaldırılmış olacaq. Həmçinin də bu reallıqda artıq kənardan bir maliyyənin cəlb olunmasına, yəni kreditin alınmasına həm yerli banklarda maraq yaranacaq, çünki risklər minimum olacaq, həm də ödənişdə. Digər tərəfdən "brutto kontrakt"la daşıyıcıya əgər pul axını gəlirsə, bu tərəfdən digər mənbələrdən də krediti cəlb edərək daha keyfiyyətli daşımanı təmin etmək olar".

Ekspert qeyd etdi ki, avtobusların daha cəlbedici olması üçün bizim səkilərimiz rəvan olmalıdır, baryerlər aradan qaldırılmalıdır:

"Dayanacaqlar metro çıxışlarına daha yaxın olmalıdır. "20 Yanvar" dairəsində son avtobus zolağı ayrılıb, amma dayanacaq "Bravo" marketin yanındadır. Ordan azı 360 metr yuxarıya qalxmaq lazım gəlir. Bu, düz metronun yaxınlığında təşkil olunmalıdır ki, ictimai nəqliyyat əlçatan olsun. Eyni zamanda onun qrafik üzrə hərəkəti ilə yanaşı, həm də məlumatlandırılması, naviqasiyası daha yaxşı vəziyyətdə olmalıdır ki, insanlar daha çox meyil etsinlər. Çünki vaxt çox dəyərlidir və əgər vaxtında qrafiklə hərəkəti təmin edə bilsək, daha çox insan tıxacdan, fərdi nəqliyyatdansa, ictimai nəqliyyatla gedəcək. Bunlar kompleks tədbirlərdir".

Sevinc İBRAHİMZADƏ