Bu kənddəki 14 evə niyə qaz xətti çəkilmir? - "Azəriqaz"dan CAVAB

 17:59 16.09.2024     225

Ağdaş rayonunda Yeniarx kəndində 14 ailə təbii qazdan yararlana bilmir. 

Bu barədə Redaktor.az-a kəndin sakini Pərviz Rzayev bildirib. Onun sözlərinə görə, kənddə təbii qazdan istifadə olunsa da, məhz 14 ailəyə qaz xətti çəkilməyib.

Bəs həmin evlərə qaz çəkilməsi nə üçün gecikdirilir?

Bu barədə "Azəriqaz" İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, regionlarda qazlaşma prosesi mütəmadi olaraq icra edilir və kəndlərin, yeni yaşayış massivlərinin qazlaşması prosesi hal-hazırda davam edir.

"Sözügedən ərazidə kənd qazlaşıb. Sadəcə olaraq illər sonra həmin kənddə yeni yaşayış massivləri meydana gəlir. Həmin yeni yaşayış massivlərinin qazla təmin olunma prosesi də mərhələli şəkildə "Azəriqaz" İB tərəfindən icra olunur. Əgər həmin sakinlər mərhələlik prinsipini gözləyə bilmirlərsə, öz maddi vəsaitləri hesabına xüsusi lisenziyası olan podratçı şirkətlərə müraciət edib fərdi yaşayış evlərini qazlaşdıra bilərlər", - mətbuat katibi dedi.

Sevinc İBRAHİMZADƏ