Bakı-Sumqayıt yolundakı tıxacdan çıxış yolu məlum oldu - AÇIQLAMA
Yeni dərs ilinin açılışından sonra Bakı-Sumqayıt yolundakı tıxaclar yenidən nəfəs kəsməyə başlayıb. Məsələ ilə bağlı şikayətlər hər gün artsa da, hələ də bu istiqamətdə problemin həllini tapması üçün rəsmi qurumlar tərəfindən heç bir addım atılmayıb.
Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, Bakı-Sumqayıt yolunda tıxacın çıxış yolu artıq yoxdur, tükənib:
"Çünki biz bu istiqamətdə illərdir təkliflər veririk, amma o təkliflərin heç biri, təəssüflər olsun ki, bu işə cavabdeh olan qurumlar tərəfindən cavablandırılmır. Belə nəzərə alınmamaların nəticəsində isə biz hazırda proqnazlaşdırdığımız iflic vəziyyətində dayanmışıq. Problemin çıxış yolu təkcə Bakı-Sumqayıt yolu ilə bağlı tədbirlərin görülməsi ilə kifayətlənmir, həm də paytaxtın özündəki duruma bağlıdır. Əvvəla, ictimai nəqliyyatda yaranan gərginlik, keyfiyyətsiz xidmət fərdi avtomobillərdən isitifadəni daha çox stimullaşdırır. Bunun nəticəsində də idxal olunan kiçik nəqliyyat vasitələrinin sayı durmadan artır".
Ekspert yol ötürücülərinin düzgün quraşdırılmadığını vurğuladı:
""Şamaxinka" ərazisindəki yol ötürücülərinin imkanları nəqliyyatın ötürülməsinə cavab vermir. Yeraltı keçid o qədər dardır ki, Bakı-Sumqayıt istiqamətində "butulka" effekti yaradır və nəticədə həmin boğazda ilişib qalan nəqliyyat vasitələrinin sayı tıxacın əmələ gəlməsində rol oynayır. "20 Yanvar" dairəsində də eyni vəziyyətdir.
Digər tərəfdən avtomobillərin hərəkəti üçün zolaqların sayı azaldılıb, avtobus zolaqları isə çox enlidir. Tbilisi prospektindəki avtobus zolağı buna misaldır. Şəhərin daxilində avtobuslar üçün ayrılan zolaqlar nəqliyyatın intensiv hərəkətinə ciddi təsir göstərir. Nəticədə düşdüyümüz durum Bakının hərəkət intensivliyini iflic vəziyyətinə gətirib çıxarıb".
İlqar Hüseynli qeyd etdi ki, çıxış yolu çox olsa da, tətbiq edən də lazımdır:
"Məsələn, Avtovağzal ərazisində estakadalar üzərindən iki dənə yerüstü yolötürücü yaratmaq olar. Birini Biləcəri üzərindən 9-cu mikrorayon istiqamətinə yönləndirmək olar, digərini isə Yasamal istiqamətinə yönləndirməklə intensivliyi bərpa etmək mümkün olacaq. Amma bununla da yanaşı, paytaxtda islahatlar həyata keçirilməlidir, universitetlərin, xəstəxanaların yeri dəyişdirilməlidir. Şəhər istiqamətində çalışanların iş qrafikində ən azından bir saatlıq intervalla dəyişikliklər edilməlidir. Ən çox işçi qüvvəsi olan nazirlik strukturlarını şəhər kənarına çıxartmaq lazımdır. Bu islahatları həyata keçirmədən heç nəyə nail ola bilməyəcəyik və vəziyyət daha da pisləşəcək".
Sevinc İBRAHİMZADƏ