Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin sayı artıb - ADY

 12:40 18.09.2024     540

Azərbaycanda paytaxt Bakı və ölkənin qərbindəki Gəncə şəhəri arasında gediş-gəlişi asanlaşdırmaq məqsədilə vətəndaşların qatarla daşınması təmin olunur.

”Azərbaycan Dəmir Yolları” QSC-dən Redaktor.az-a bildirilib ki, 2015-ci ildən etibarən ölkəyə ilk dəfə gətirilən “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni qatarlar 2018-ci ildən etibarən Bakı-Gəncə-Bakı istiqamətində reyslər həyata keçiriməyə başlayıb:

"2023-cü ilin 18 mart tarixində bu marşrut Ağstafaya qədər uzadılıb, mərhələli şəkildə Qovlar, Dəllər, Ucar və Ləki stansiyalarında sürətli sərnişin qatarlarına dayanacaq verilib. 

2023-cü ilin sonunda ölkəyə gətirilmiş yeni 3 “Stadler” qatarının 14 iyun 2024-cü il Bakı-Ağstafa-Bakı marşrut üzrə istifadəyə verilməsindən sonra isə hər iki istiqamətdə həm səhər, həm də axşam reysləri təyin edilib".

Qurum tərəfindən qeyd edilib ki, sürətli sərnişin qatarlarının ölkəyə gətirilməsindən öncə Bakı-Ağstafa istiqaməti üzrə qatarlarla səyahət ən yaxşı halda 9-10 saat idisə, hazırda bu müddət 5 saata qədər azalıb:

"Gün ərzində sərnişinlər səhər reysi ilə sözügedən marşrut üzrə istənilən şəhərə təhlükəsiz, rahat və vaxtında çataraq, gün ərzində planlaşdırdıqları işləri həyata keçirib həmin gün axşam Bakı Dəmiryol Vağzalına qayıda bilirlər.  

Xatırladaq ki, bu ilin avqust ayında ADY-nin sürətli qatarları ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 39 640 sərnişin səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artım deməkdir".

Sevinc İBRAHİMZADƏ