Bakı-Astara istiqamətində qatar reysləri nə vaxt açılacaq? - ADY-dən AÇIQLAMA

 15:27 18.09.2024     518

Cənub istiqamətində qatar reysləri uzun müddətdir fəaliyyət göstərmir. Hələ bu ilin fevral ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirmişdi ki, Bakı-Astara istiqamətində dəmiryolu xətti saatda 20 km sürətlə hərəkət etməyə imkan verdiyi üçün, bu, sərnişindaşıma üçün uyğun deyil. Cənub istiqamətində dəmiryolu xətti texniki olaraq yalnız yükdaşıma üçün yararlıdır.

Bəs qeyd olunan istiqamətdə sərnişin qatarı nə vaxt istifadəyə veriləcək? 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, cənub istiqamətində sərnişindaşımanın təhlükəsiz təşkili üçün ilk növbədə dəmir yolu infrastrukturunun yenidən qurulması: yol, elektrik təsərrüfatlarının müasirləşdirilməsi, kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğularının yenilənməsi həyata keçirilməli, platformalar əsaslı təmir olunmalıdır.

"Bu istiqamətdə Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin mərhələli şəkildə əsaslı təmiri planlaşdırılır. İlkin mərhələdə uzunluğu 60 kilometr olan Ələt-Osmanlı dəmir yolu xətti əsaslı təmir olunacaq, süni mühəndis qurğuları (körpülər, keçidlər və s.) yenilənəcək", - açıqlamada deyilir.

Sevinc İBRAHİMZADƏ