Xaricdən gətirilən telefonlar belə bəyan edilməlidir - RƏSMİ AÇIQLAMA

 19:17 18.09.2024     543

Məlum məsələdir ki, ölkəyə gətirilən smartfonlar baha satıldığından, bəzi vətəndaşlar özləri xarici ölkələrdən telefon sifariş edirlər. Smarfonu ölkəmizə gətirənlər isə çatdırılma şirkətləri olur. Ancaq bəyannamə hissəsinə çatdıqda isə bəzi karqo şirkətləri bunu üzərlərindən ataraq, alıcının gömrüyə getməli olduğunu bildirir.

Bəs telefonların bəyannaməsi necə verilməlidir?

Redaktor.az bununla bağlı Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundova sual ünvanladı. O, cavabında elektron formada bəyannamənin mümkün olduğunu bildirdi.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinə uyğun olaraq səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron qaydada köşklər vasitəsilə, e.customs.gov.az portalı üzərindən və ya “Smart Customs” mobil tətbiqindən istifadə edilməklə təqdim edilə bilər", - deyə N.Axundov qeyd etdi.

Karqo şirkətlərindən birindən isə saytımıza bildirildi ki, telefon sifariş edildikdən bir müddət sonra alıcıya sms gəlir:

"Onlar “Smart Customs” mobil tətbiqinə daxil olaraq, məlumatları düzgün şəkildə yerləşdirməlidirlər. Əks halda smartfon texnologiya olduğundan onun ölkəyə buraxılışında müəyyən problemlər yarana bilər. Belə olduğu halda dərhal karqo şirkəti ilə əlaqə saxlamalıdır. Zərurət yaranarsa, alıcı gömrüyə gedə bilər".

Türkan İSGƏNDƏRLİ