"Azərbaycanda xarici mal nişanları adı ilə saxta məhsullar satılır, distrübütorlar isə susurlar" - Eyyub Hüseynov

 16:44 20.09.2024     514

Ötən gün Bakının Suraxanı rayonunda standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sex aşkarlanıb. Təəssüflər olsun ki, bu, ölkəmizdə rast gəlinən ilk saxta məhsul istehsal edən müəssisə deyil.

Mövzu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a amıqlamasında bildirdi ki, ölkədə bir çox malların, əsasən də sənaye, kimyəvi məhsulların, o cümlədən parfümeriya mallarının saxta variantları mövcuddur:

"Yuyucu tozların, təmizləyici maddələrin də saxta variantları var. Ən çox belə mallar kimya şəhəri olan Sumqayıt və onun ətrafında baş verir. Baxmayaraq ki, bu dəfə Suraxanıda baş verib, ancaq mən əminəm ki, mənbəyi məhz Sumqayıtdan gəlir. Biz uzun illər Sədərəkdə cürbəcür yuyucu malların kisələrdən birbaşa satışını görmüşük. İllər boyu bu, Gürcüstandan gəlib, indi quru sərhədləri bağlıdır deyə bir az azalıb. Lakin yerli saxtakarlar da dayanmırlar. Təəssüflər olsun ki, xarici mal nişanları adı altında bu cür mallar istehsal olunur. Xarici malları ölkəyə gətirən distrübütorlar isə susub dururlar. Əgər onlar öz mal nişanlarını dövlət qeydiyyatına aldırsalar, məhkəmə iddiası qaldırıb belə şeylərə qarşı mübarizə apara bilərlər".

Ekspert əlavə etdi ki, belə saxta məhsulların insanların sağlamlığında müəyyən mənfi təsirləri var:

"Bu cür standartlara uyğun olmayan yuyucu tozlar, yuyucu maddələr xəstəliklər əmələ gətirə bilər, çünki dəri ilə təmasda olur, insan nəfəsinə keçir və s. Belə şübhəli mallarla qarşılaşan insanların 195 telefon xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələrini tövsiyə edirəm".

Sevinc İBRAHİMZADƏ