"AYNA tıxaclara çarə tapmaq əvəzinə daha da çoxaldır" - Xalq şairindən ETİRAZ

 16:02 23.09.2024     399

Bakının hər dərdinə dərman tapılsa da, tıxac problemi həmişə aktual olaraq qalır. Səbəb isə insanların çoxluğu və maşınların daha da artmasıdır. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan  Azərbaycanın Xalq şairi Vahid Əziz bildirdi ki, paytaxtda tıxaclardan xilas olmaq üçün ilk olaraq yollar genişləndirilməlidir.

"Məsələ burasındadır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tıxaclara çarə tapmaq yerinə daha da çoxaldır. Sağ tərəfdən avtobusa yol ayırıblar, sol tərəfdən velosipedə, avtomobillər üçün çox az yer qalıb. Məlum məsələdir ki, şəhərin yolları dardı. Bu zolaqlar yolları bir az da kiçildir. Nəticədə sıxlıq əmələ gəlir. Düşünürəm ki, paytaxt başqa əraziyə köçürülsə belə, buna çarə tapılmayacaq. Əksinə həmin ərazilər də bu hala düşəcək". 

Vahid Əziz: “Dünyaya gəlişim evimdə sevinc, getməyim cahana biraz olacaq” – VİDEO – Yeni Çağ Media

Xalq şairinin sözlərinə görə, bəzən avtobusların öz yolu ilə getməməsi də problemlərə səbəb olur.

"Avtobus yolu ilə gedən minik avtomobillərinə 80-100 manat cərimə edirlər. Ancaq bəzi hallarda avtobus öz yolu ilə getmir, əsas yola çıxır. Təbii ki, bu da problemlər yaradır. Düşünürəm ki, cərimə məsələlərinə də baxılmalıdır. Məsələn, mən aeroportdan maşınla evə gəlirəm evə. Normal olaraq, maşın yolun qırağında saxlamalıdır ki, düşəm. Ancaq orada avtobus xətti olduğundan deyirlər olmaz, saxlayan kimi sürücüyə 120 manat cərimə edirlər. Bu cür yeniliklər əslində vətandaşlar, cəmiyyət arasında narazılıq yaradır. Ona görə bəzilərinə düzəliş edilməlidir", - deyə Vahid Əziz bildirdi. 

Türkan İSGƏNDƏRLİ