Artıq ADY sərnişinləri endirimli qiymətlər əldə edə BİLƏRLƏR

 15:50 24.09.2024     807

Azərbaycan Dəmir Yolları (ADY) 25 sentyabrdan etibarən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq edəcək.

Redaktor.az xəbər verir ki, şirkət müştəri məmnuniyyətini yüksəltmək üçün loyallıq proqramının tətbiqinə başlayır. Belə ki, şəhərətrafı qatarlarla səfər edən sərnişinlər “ADY Mobile” tətbiqindən istifadə edərək,  gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar.

Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun sözlərinə görə, artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər:

"Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır”.

Həmçinin sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaqlar. Bu, ölkədəki ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.

ADY-nin bu qiymət siyasətinə keçməsində artan xərclərin qarşılanması və infrastrukturun saz vəziyyətdə saxlanmasının da rolu var. Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.

Sevinc İBRAHİMZADƏ