Quru sərhədlərimiz niyə açılmır? - Komitə sədrindən AÇIQLAMA

 16:33 24.09.2024     2026

Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında bildirib ki, son illər ərzində quru sərhədlərin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas edib.

Söhbət hansı fəlakətlərdən gedir və sərhədlər nə vaxt açıla bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, sərhədlərin bağlı olması təhlükəsizliyə təhdid olan məsələlərin qarşısını alır.

"Məlumdur ki, quru sərhəd deyəndə bütün sərhədləri nəzərə almaq lazımdır. Bu, istər Ermənistanla 500 kilometrlik sərhəd, hansı ki, çox ciddi relyef olan ərazilərdir. Eyni zamanda İranla 44 günlük müharibədən sonra bağlanmış boz zona olan sərhəd və Gürcüstanla Rusiyadan vətəndaşların quru sərhədlə gediş-gəlişindən söhbət gedir. Digər məqam ondan ibarətdir ki, burada Gürcüstan və Rusiya istiqamətində daşınmalar davam edir. Bundan başqa təyyarə yolları da var. Sadəcə olaraq quru sərhədlər tək pandemiya ilə bağlı deyil. Məlum məsələdir ki, bu sərhədlərin açılmamasının bir səbəbi də gedən Rusiya-Ukrayna müharibəsidir. Onların Azərbaycan ərazisinə qanunsuz keçməsi və digər məsələlər nəzərə alınmalıdır. Qaçaq malın daşınmasında quruya nisbətən hava nəzarəti daha ciddidir. Bu, həm qaçaqmalın, eyni zamanda müxtəlif cür problem yarada biləcək və təhlükəsizliyə təhdid olan məsələlərin qarşısını alır. Vacib işi olan, eyni zamanda sağlamlıq və yaxud digər problemləri olanlar Nazirlər Kabinetinin müvafiq qurumuna müraciət edib icazəsini də ala bilirlər".

Deputatın sözlərinə görə, yaxın zamanda sərhədlərin açılması gözlənilmir.

"Bəzən sosial şəbəkələrdə insanları qıcıqlandırmaq məqsədilə bir sıra məsələləri qaldırırlar. Bu, kimə nə cür xeyir edirsə, o cür danışır. Ona görə də COP-dan sonra və yaxud COP vaxtı sərhədin açılması bu gün gündəmdə olan məsələlər deyil. Bizə ən mühüm məsələ suverenliyimizi qorumaq, ərazi bütövlüyümüzü qorumaq, olan təhdidlərin qarşısını almaqdır. Bu da hər bir Azərbaycan vətəndaşının rifahı üçün olmalıdır", - deyə komitə sədri vurğuladı.

Türkan İSGƏNDƏRLİ