"Bolt"un endirimləri sürücülərlə sərnişinlər arasında mübahisə YARADIR

 12:27 25.09.2024     421

"Bolt" taksilərində sürücülər və sərnişinlər arasındakı anlaşılmazlıqlar bitmək bilmir, əksinə, bəzən hətta mübahisəyə qədər uzanır. Bu cür münaqişəli məsələlərdən biri də sərnişinlərə təqdim olunan endirimli qiymətin sürücülərdə əks olunmaması ilə bağlıdır. Sürücülər sərnişindən qiyməti soruşmasa, mənzil başına çatanadək onda əks olunan 10 %-lik endirimli qiymətdən xəbərsiz olurlar. 

Sürücülər özləri də bu məsələdən narazılıq edirlər və bildirirlər ki, bir çox hallarda endirimli qiymətlər onlara sərf etmir. Ancaq adətən, sürücü müştəridə göstərilən qiyməti biləndə artıq ünvana doğru hərəkətdə olduqları üçün onu yarıyolda düşürə bilmir. 

Bəs nə üçün endirimli qiymət sürücüdə görünmür? Sürücüdə görünən məbləğ onun balansına hansı formada köçür?

Bu barədə "Bolt"un Mətbuat Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi:

""Bolt" platformasında biz iki ödəniş variantı təklif edirik: nağd və ya kartla ödəniş. Müştərilər tətbiqin parametrlərində özlərinə ən uyğun variantı seçə bilərlər. Sərnişinlər həmçinin promokodlar və endirimlərdən də istifadə edə bilərlər. Nağd ödəniş halında sürücülər sərnişindən nə qədər məbləğ almalı olduqlarını və "Bolt" tərəfindən balanslarına əlavə ediləcək məbləği göstərən açıq bildiriş alırlar. "Bolt" tərəfindən qarşılanan endirim məbləği sürücünün növbəti ödənişinə daxil ediləcək".

"Bolt"dan o da qeyd edildi ki, bütün sürücülər hər bir gediş üçün tətbiqdə göstərilən təlimatlara əməl etməlidirlər:

"Biz tərəfdaş sürücülərimizi rəylərini bizimlə bölüşməyi təşviq edirik, çünki bu, xidmət və dəstəyimizi davamlı olaraq təkmilləşdirməyə kömək edir. Biz onların fikirlərini yüksək qiymətləndiririk və həmişə dinləməyə hazırıq".

Sevinc İBRAHİMZADƏ