Azərbaycanda su ehtiyatları 2020-2050-ci illərdə 20-25 faiz azalacaq - Zakir Quliyev

 13:29 25.09.2024     169

Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkələrdə daha çox hiss olunmaqdadır ki, Azərbaycan da həmin ölkələr sırasına daxildir.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, indiki şəraitdə ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, suyun, torpağın və atmosferin çirklənmədən mühafizə olunması ümumbəşəri problemə çevrilib.

“Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması yalnız inkişafın yeni, ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin formalaşdırılması hesabına ola bilər

Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi ölkə ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə isə 30-35 faiz azalması gözlənilir”, - deyə Zakir Quliyev əlavə edib.