Bu məşhur marketdə kassirlərə oturmaq qadağandır?
Bir çox böyük marketlərdə kassirlərin istədikləri zaman otura bilməsi üçün stullar var. Lakin "Bravo" marketdə işlədiyini bildirən kassirlərdən birinin iddiasına görə, bütün iş saatları boyunca ayaqüstə işləyirlər və bu müddət ərzində onların oturmalarına icazə verilmir. Bu isə 8 saat ayaqüstə duran işçinin ayaqlarının şişməsinə, müəyyən sağlamlıq problemlərinə səbəb olur.
Bu barədə Redaktor.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi ki, əmək mühafizəsi qaydalarına əməl olunmalıdır:
"Ola bilər ki, iş ayaqüstü olsun, amma bu halda iş müddəti 5-6 saatdan çox olmamalıdır. Əgər işçinin sağlamlığına ziyan dəyirsə, işəgötürən tədbir görməlidir. Kassalarda əyləşib işləmək şəraitini yaratmaq mümkündür. Ona görə də işəgötürən bunları nəzərə almalıdır. Çünki o, əmək mühafizəsi və işçilərin sağlamlığına cavabdehdir, sağlam və ədalətli iş şəraiti yaratmağa borcludur".
Kassirlərin iş vəziyyəti ilə bağlı "Bravo" marketin Mətbuat xidməti ilə əlaqə saxladıq.
Şifahi olaraq bildirildi ki, marketin bütün filiallarında kassirlər üçün stullar var və onlar əyləşə bilirlər. Ekspress kassalarda isə işçilər növbəli şəkildə ayaqüstə işləyirlər.
Məsələ ilə bağlı daha ətraflı yazılı açıqlama verəcəyini vəd edən "Bravo"nun mətbuat katibi bir neçə gündür ki, nədənsə sorğumuza cavab verməkdən yayınır.
Sevinc İBRAHİMZADƏ