Toyu yasa döndərən hoqqabazlar... - Hansı tədbirlər görülməlidir?

 17:52 25.09.2024     445

Toy şadlıqdır və hər bir ailə istəyər ki, onun toyu xoş xatirələrlə yadda qalsın. Lakin bəzən ehtiyatsızlıq, laqeydlik, ifrat dərəcədə əyləncə həvəsi toyun yasa çevrilməsi ilə nəticələnir. 

Belə ki, son bir ayda toy karvanlarının iştirakı ilə bağlı qəza xəbərləri bir-birini əvəzləyir. 

Bəs toy karvanlarına qarşı hansı nəzarət tədbirləri həyata keçirilir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, son 1 ayda toy karvanı ilə bağlı üçüncü hadisə baş verir və ümumilikdə 8 nəfərdən çox insan həyatını itirib:

"Toy karvanları ilə bağlı çox təəssüf ki, üzücü xəbərlər alırıq. Bunun mənəvi tərəfləri də var - toy yasa dönür. Sürücülərə yol polisi tərəfindən də dəfələrlə xəbərdarlıqlar edilib. Hətta yol polisi toy karvanları ilə bağlı animasiya hazırlamışdı ki, toy karvanlarında 6-dan çox maşın olmasın və bır sıra üzrə hərəkət edilsin. Amma biz təcrübədə görürük ki, toy karvanları yola çıxır, əgər 5 zolaq varsa, 5-i ilə də hərəkət edirlər, bir-birilərini ötürlər, yarışırlar, iki təkər gedirlər, bir növ hoqqabazlıq edirlər".

Ekspert qeyd etdi ki, toy sahibləri bu məsələləri nəzər almalıdır və əvvəlcədən toy karvanında hərəkət edəcək sürücülərə xəbərdarlıq olunmalıdır:

"Təəssüf ki, gənc nəslin nümayəndələri bu cür hərəkətlərə daha çox yol verirlər və ağır nətiicələri olur. Toy karvanlarında hansısa qayda pozulursa, buna uyğun tədbirlər görülür. Əgər sürücü avtoxuliqanlıq edirsə, əks istiqamətdə yola çıxır, işıqforun qırmızı işığında keçirsə, digər xətalara yol verirsə, buna uyğun cəza mexanizmi tətbiq olunur".

Sevinc İBRAHİMZADƏ