"Paytaxtı köçürmək düzgün deyil, metro tikintisini sürətləndirməliyik" - AÇIQLAMA

 17:37 26.09.2024     739

"Sıxlıq və digər kommunikasiya xidmətlərinin zəifliyinə görə paytaxtı köçürmək düzgün addım deyil".

Bu sözləri Redaktor.az-a yazıçı Səfər Alışarlı Bakı və ətraf ərazilərdəki sıxlığı şərh edərkən deyib. Onun sözlərinə görə, paytaxtın başqa əraziyə köçürülməsi, elə də asan proses deyil.

"Çünki paytaxtı köçürmək bir xalqın, indiki halda Azərbaycan xalqının ən azı 50 illik zəhmətinin bəhrəsini təzədən hərəkətə gətirmək deməkdir. Yəni yeni şəhər salmaq və müasir paytaxtların tələblərinə uyğun şəkildə tənzimləmək çox böyük bir vəsait, enerji, bacarıq və qabiliyyət tələb edir. Ona görə də Bakı şəhərindəki nəqliyyat və digər kommunikasiya sıxlıqlarını aradan qaldırmaq üçün birinci növbədə metro çəkilişini, metro qazıntısını sürətləndirmək lazımdır. Paytaxtı köçürməklə müqayisədə metronun inkişafı cüzi bir vəsait tələb edir. Elə müasir tunel qazan avadanlıqlar var ki, onlar qısa müddət ərzində kilometrlərlə tuneli qazıb, istifadə üçün yararlı hala sala bilir. 60 ilə 24 stansiyanın tikilməsi çox azdır. Bundan başqa marşrutlar, eləcə də şəhərə daxil olan, mərkəzə girmək istəyən şəxsi avtomobillər bu kənar metro stansiyalarının ətrafında park olunmalıdır. Orada normal qiymətlərlə demək park şəraiti yaradılmalıdır".

Səfər Alışarlı: “Azərbaycanı çox ciddi, tarixi addımlar gözləyir”

Yazıçının sözlərinə görə, avtobuslarının gediş istiqamətləri dəyişdirilməlidir:

"Öz təcrübəmdən yola çıxmaq istəyirəm. Keçən dəfə "3" nömrəli marşruta minmişdim. Həmin avtobus Badamdardan 7-ci mikrorayona və əks istiqamətdə gedir. Dayanacaqların sayı çoxdur. Ona görə hərəkətlər də dəyişdirilməlidir. Düşünürəm ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollara nəzarət etmir. Nəqliyyatdan istifadə edənlər daha çox məktəblilər və onların valideynləridir. Hər halda məktəb evdən uzaq olduğu üçün bundan istifadə edirlər. Ona görə yaşayış zonalarının yaxınlığında məktəblərin tikintisi artırılsa, bu problem də aradan qalxar".

Türkan İSGƏNDƏRLİ