"Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir" - Vahid Əhmədov

 11:17 27.09.2024     1148

Paytaxt Bakı gündən günə böyüyür, insanlar həm öz regionlarımızdan, həm də xarici ölkələrdən bu şəhərə daha çox axın edir, yeni binalar tikilir... Bütün bunlar isə şəhərdə sıxlığın yaranmasına gətirib çıxarır.  Elə bu səbəbdən də paytaxtın Bakıdan başqa bir şəhərə köçürülməsi məsələsi gündəmə gəlir. 

Paytaxtın köçürülməsi ilə bağlı Redaktor.az-a danışan keçmiş millət vəkili Vahid Əhmədov bildirdi ki, bu addımı çoxdan atmaq lazım idi, biz artıq gecikirik:

"Paytaxtda bu gün kifayət qədər sıxlıq var, böyük binalar tikilib, əhalinin əksər hissəsi Bakıda yaşayır. İnsanlar işə gedib çatanadək azı 1 saat yolda vaxt keçirirlər. Heç olmasa, nazirlikləri, universitetləri kənara köçürmək lazım idi. Bunun üçün Yeni Yaşma tərəfdə, Qaradağ tərəfdə imkan var idi. İndi paytaxtı Ağdama köçürməyi təklif edirlər. Mən hansısa şəhərə köçürülməsinin tərəfdaarı deyiləm".

Eks-deputatın sözlərinə görə, yeni şəhər yaradılmalıdır:

"Necə ki, Qazaxıstanda Astananı yaratdırlar, bizim də imkanlarımız var ki, yaxın ərazidə şəhər yaradılsın və bütün hökümət qurumları, ali təhsil müəssisələri ora köçürülsün. Bir vaxt  Azərbaycanda 320 min maşın var idi, indi maşınların sayı 2 milyonu keçib. Bu, çox ciddi məsələdir. Ancaq son vaxtlar Bakı İstanbul kimi bir şəhərə çevrilib, turizm mərkəzidir. Ona görə də Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir".

Sevinc İBRAHİMZADƏ