Azərbaycanda Anım GÜNÜDÜR

 00:00 27.09.2024     228

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Redaktor.az xatırladır ki, artıq dördüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bütün bunlara Azərbaycan Ordusunun 2 908 şəhidinin qanı bahasına nail olunub.

2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başlanılmışdı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhidlik zirvəzinə yüksəldi.

Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.

Allah şəhidlərimizə rəhmət eləsin!