Bəzi universitet və qurumlar Bakıdan köçürülməlidir - Deputat

 11:09 27.09.2024     285

"Bu gün Bakı dünyada ən gözəl şəhərlər sırasındadır, xeyli xarici qonaqlar gəlir, şəhərimiz getdikcə daha da gözəlləşir. Əsas məsələ tıxaclara rəvac verən səbəblərin aradan qaldırılmasıdır".

Bu barədə Redaktor.az-a açıqlamasında deputat Aydın Hüseynov Bakıda sıxlıq səbəbindən paytaxtın başqa bir yerə köçürülməsi ilə bağlı fikirlərə münasibət bildirərkən dedi.

O qeyd etdi ki, paytaxtın köçürülməsi ilə bağlı başqa ölkələrdə də fikirlər səsləndirilir:

"Məsələn, Misiri nümunə göstərirlər, yaxud İranda da belə fikirlər mövcuddur. Ancaq Bakı ilə müqayisə etdikdə orada əhalinin sayı ən azı 3 dəfə çoxdur. Qazaxıstanı da misal göstərə bilərlər. Lakin Qazaxıstanın paytaxtının dəyişməsi başqa amillərə söykənirdi, orada başqa arqumentlər var idi.

Hər birimizə məlumdur ki, sözün əsl mənasında, Bakı artıq Xəzərin bir incisi kimi tanınır, dünyada ən gözəl şəhərlər sırasındadır. Vətəndaşlarımızı narahat edən məsələ tıxacların olmasıdır, bununla da hökumət intensiv məşğul olur, yol infrastruktunun genişləndirilməsi, digər tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlət proqramı mövcuddur. Hər bir paytaxt həmin ölkənin simvoluna çevrilir. Ona görə hesab edirəm ki, Bakıdakı sakinləri narahat edən məsələlərin aradan qaldırılması istiqamətində işlər görülərsə, sonrakı addımlarda şəhərdəki digər problemlərinin aradan qaldırılmasına təkan yaranarsa, paytaxtın köçürülməsi zərurəti də aradan qaldırılar".

Aydın Hüseynov əlavə etdi ki, bəzi universitetlərin, bəzi strukturların kənara köçürülməsi daha effektiv olar, nəinki insfrastrukun qurulması, tələblərə uyğun yeni bir şəhərin yaradılması:

"Bu, çox uzun vaxt sərf edən məsələdir. Bəzi əsaslı tədbirlərin həyata keçirilməsi isə həm də maliyyə baxımından köçürülmədən daha üstün olar".

Sevinc İBRAHİMZADƏ