Xalqımızın birliyi və düşmənin başına dəyən yumruq - Vətən müharibəsindən 4 il ötür

 16:54 27.09.2024     438

"27 sentyabrın Azərbaycan hərb və siyasi tarixində çox müstəsna yeri var. 200 ildən artıq idi ki, torpaqlarımızı itirə-itirə gedirdik. Bu gün məhz böyük zəfərin başlanğıc günüdür. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, xalqı böyük sücayət göstərərək torpaqları işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə uzun ömür, can sağlığı versin".

Bu sözləri Redaktor.az-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirdi.

Emin Həsənli: Bir günlük antiterror tədbirləri 44 günlük müharibə qədər  əhəmiyyətlidir – BAYRAQDAR MEDİA

O qeyd etdi ki, Azərbaycan dövləti 44 günlük müharibə ilə həm də dünyaya bir nümunə oldu:

"Vətən sevgisinin, torpaq məhəbbətinin nə qədər üstün olduğunu Azərbaycan gəncləri, şəhidləri, qaziləri əməldə bütün dünyaya sübut etdi ki, öncə Vətəndir. Azərbaycan himnindəki "səndən ötrü can verməyə cümlə hazırıq" fikirləri boş deyil, onu oxuyan gənclik bu sözlər altında canlarını qurban verdilər. "Hüququndan keçən əsgər"... Ən böyük hüquq yaşamaq hüququdur, şəhidlərimiz yaşamaq hüququndan, qazilərimiz sağlamlıq hüququndan keçdilər ki, Azərbaycan var olsun, ərazi bütövlüyü, suverənliyi bərpa olsun. Minlərlə can məhz Azərbaycan torpağı üçün qurban oldu".

Ekspertin sözlərinə görə, hərb tariximizdə ən böyük əhəmiyyət odur ki, Azərbaycan müasir müharibə apardı:

"Şuşada elə yer oldu ki, yüngül silahlarla azad olundu, Hadrudda xüsusi əməliyyat keçirildi. Son 50 ilin müharibəsində hərb tarixində yeganə hadisə idi ki, biz həmin günlər torpaq itirmədik, ancaq torpaqları azad etdik. Düşmən bir dəfə də olsa, əks-hücuma keçə bilmədi. Bu da Azərbaycan ordusunun peşəkarlığından, dözümündən, əzmindən və cəsarətindədn irəli gəlirdi. Bir günlük antiterror tədbirləri və 44 günlük Vətən müharibəsi ərazi bütovlüyümüzü bərpa etdi".

Emin Həsənli vurğuladı ki, dünya hərb akademiyalarında bu müharibə araşdırılır:

"Dünyada çox dövlət var ki, bu gün də müharibə aparır, əraziləri böyükdür, əhalilərinin sayı 10 milyonları ötüb, iqtisadiyyatları böyükdür, ancaq hələ də müharibəni yekunlaşdıra bilmirlər. Azərbaycanın qısa müddətdə müharibəni yekunlaşdırması düzgün strategiyanın, taktikanın müəyyənləşməsindən irəli gəlir. Cənab Ali Baş Komandan həm ordumuza rəhbərlik edirdi, həm diplomatiya istiqamətinə rəhbərlik edirdi, həm də dünya mediasına ardıcıl müsahibələr verirdi. Azərbaycan xalqı 44 gündə hamılıqla bir bayraq altında birləşdi, dəmir yumruq oldu. Bu yumruğun 2 rəmzi var: xalqımızın birliyi və düşmənin başına dəyən yumruq. Dosta-düşmənə mesaj oldu ki, Azərbaycan insanı canından, qanından daha çox vətən torpağını sevir və torpaqdan heç vaxt güzəşt olmayacaq".

Ekspert qeyd etdi ki, 44 günlük müharibəmiz gələcək nəsillər üçün bu bir örnəkdir. Azərbaycan xalqı var olduqca bu tarixi xatırlayacaq və qürur duyacaq. 

Sevinc İBRAHİMZADƏ